“Oilprice” nəşri: Azərbaycandan Avropaya qaz ixracı artır
Bakı, 12 iyul, AZƏRTAC
2024-cü ilin birinci yarısında Azərbaycan Avropaya təbii qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artırıb. Belə ki, Avropa istehlakçılarına 6,4 milyard kubmetr qaz tədarük edilib. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial platformasında bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə nüfuzlu neft-qaz sənayesi nəşri “Oilprice”in saytında dərc edilmiş “Azərbaycan Avropaya təbii qaz ixracını artırır” sərlövhəli məqalədə deyilir.
Məqalənin müəllifi, məşhur jurnalist Tsvetana Paraskova yazır ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından və Rusiya qazının Avropaya tədarükünün əhəmiyyətli dərəcədə azalmasından sonra Azərbaycan Avropa İttifaqı üçün digər tədarükçülərdən daha çox qaz alınmasının alternativ mənbələrindən birinə çevrildi.
O qeyd edir ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, yanvar-iyun aylarında Avropaya 6,4 milyard kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ümumi ixracın 51 faizini təşkil edib. Türkiyəyə 5 milyard kubmetr həcmində ixrac xaricə ümumi qaz satışının 39 faizini, Gürcüstana 1,3 milyard kubmetr həcmində ixrac isə 10 faizini təşkil edib.

Pərviz Şahbazov bildirib ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan təbii qazının xaricə satışının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 6 faiz artıb. SOCAR və “TotalEnergies”in bir il əvvəl hasilata başladığı Abşeron qaz-kondensat yatağında bu dövrdə ilkin hasilat sxemi (EPS) mərhələsində 1,5 milyard kubmetrdən çox qaz hasil edilib.
Nazirin sözlərinə görə, “Abşeron” yatağının mərhələli işlənməsi və illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrə çatdırılması planları ölkənin, eləcə də Azərbaycanın regional və Avropa tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfədir.
Ukraynada müharibə başlamazdan əvvəl Rusiyanın Avropaya tədarükü Aİ ölkələrində istehlak edilən qazın təxminən üçdəbirini təşkil edirdi. Hazırda Avropanın ən böyük qaz ixracatçısı Avropa İttifaqının üzvü olmayan, lakin Aİ-nin sadiq tərəfdaşı və NATO blokunun təsisçilərindən biri olan Norveçdir.

Məqalədə deyilir ki, rus təbii qazının ən böyük istehsalçısı və ixracatçısı olan “Qazprom”a görə, şirkət keçən il Rusiya mavi yanacağının boru kəmərləri ilə Avropaya ixracını 2022-ci illə müqayisədə 55,6 faiz azaldıb.
“Oilprice” nəşri neft və qaz, alternativ enerji və geosiyasət sahəsində qlobal vəziyyəti təhlil edən dünyanın ən məşhur xəbər portallarından biridir. Onun materialları “Yahoo Finance”, “Nasdaq”, “Fortune”, “TIME Magazine”, “Huffington Post”, “USA Today”, “CNN Money”, “Business Insider”, CNBC və digər nüfuzlu media orqanları tərəfindən yayılır.