Oktyabrda respublika ərazisində 93 sürüşmə hadisəsi qeydə alınıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası oktyabrda ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Nəticədə respublika ərazisində 93 sürüşmə hadisəsi qeydə alınıb.
Bu barədə AZƏRTAC-a ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində həm atmosfer yağıntılarının (təbii amillər), həm texnogen amillərin təsirindən sürüşmə prosesində nisbi aktivlik qeydə alınıb. Bundan əlavə, Binəqədi rayonunda, I mədən sahəsində atmosfer yağıntılarının, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində təbii amillərin təsirindən subasma prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillər sürüşmə sahəsində, Nübar qəsəbəsində atmosfer yağıntıları və texnogen amillər sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə təbii və texnogen faktorlar sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub. Sabunçu rayonunda Maştağa-Zabrat, Şuşa şəhərciyi, Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntıları səbəbindən subasma prosesinin dinamikası nisbətən aktivləşib.