Olimpiya çempionu: Mariya Stadnik sübut etdi ki, hələ də Avropanın lideridir - MÜSAHİBƏ
Bakı, 19 fevral, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanan qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi, Olimpiya çempionu Toğrul Əsgərov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 2 qızıl, 1 bürünc medalla başa vurdular. Milli komandanın çıxışını necə qiymətləndirirsiniz?
- Ümumi götürsək, yaxşı nəticə qazandıq. Qızların çıxışından razı qaldığımı deyə bilərəm.
- Yığma komanda hesabında dördüncü yerə çıxdı. Sizcə, daha yaxşı nəticə qazanmaq olardı?
- Dördüncü olmağımızın səbəbi bütün çəki dərəcələrində iştirak etməməyimiz oldu. Bəzi çəkilərdə mübarizə aparan qızlar zədələndiyi üçün turnirdə iştirak edə bilmədilər. Onlar da bizimlə olsaydılar, Avropa çempionatını ilk “3-lük”də bitirə bilərdik. Bundan sonra çalışacağıq ki, bütün turnirlərə tam heyətlə yollanaq.
- Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu...
- Stadnik sübut etdi ki, hələ də Avropanın lideridir. O, sonuncu dünya çempionatında uğursuz çıxışdan sonra mənim nəzarətim altında məşqlər keçir. Şadam ki, yenidən ən yaxşı olduğunu göstərə bildi.
- Birgül Soltanova ilk dəfə Avropa çempionatında medal qazana bilərdi. Üçüncü yer uğrunda görüşdə məğlubiyyətinə nə səbəb oldu?
- Birgül Soltanova yüksək potensiala malik idmançıdır. Sadəcə, böyüklər arasında yenicə çıxış etməyə başlayıb. Düşünürəm ki, təcrübəsizlik onun medalın bir addımlığında büdrəməsinə səbəb oldu. Ancaq əminəm ki, gələcəkdə uğurlu nəticələr qazanacaq.
- Avropa çempionatında hansı güləşçinin çıxışı sizi məyus etdi?
- Birgül Soltanovanın son anda qələbəni əldən verməsi məni məyus edən məqam oldu. Qızlara inanıram. Onlarla gələcəkdə daha yüksək nəticələr əldə edəcəyik.