ÖLKƏ ÇEMPİONATINDA YÜKSƏK NƏTİCƏLƏR QAZANMIŞ PAUERLİFTİNQ USTALARI MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də Bakı Əyləncə Mərkəzində pauerliftinq üzrə Azərbaycan çempionatında yüksək yerlər tutmuş idmançıların mükafatlandırılma mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti, dünya çempionu Ələddin Əliyev bildirmişdir ki, 2007-ci il “Gənclər İli” çərçivəsində keçirilən çempionatın məqsədi idman ustalarımızın gücünü bir daha sübut etmək, pauerliftinq idmanını gənclər arasında yaymaqdır.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd etmişdir ki, məhz ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində hazırda Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir.
Son illər Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə respublikamızın bir çox bölgələrində olimpiya-idman komplekslərinin tikilib istifadəyə verilməsi, ölkədə 130-a yaxın dünya və Avropa səviyyəli yarışların keçirilməsi bu sahəyə diqqətin artmasına əyani sübutdur.
Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlərdən danışan İ.İsmayilov demişdir ki, bu il idmançılarımız müxtəlif səviyyəli yarışlarda 308 medal qazanmışlar. Bu, keçən ilin nəticələri ilə müqayisədə xeyli çoxdur. Respublikada 84 federasiyanın fəaliyyət göstərdiyini söyləyən nazir müavini onlardan 28-nin Olimpiya növləri üzrə olduğunu bildirmişdir.
Nazir müavini qarşıdakı yarışlarda idmançılarımıza daha böyük müvəffəqiyyətlər arzulamışdır.
Mərasimdə ölkə birinciliyində beş çəki dərəcəsi üzrə ilk 3 yeri tutmuş idmançılar medal və fəxri diplomlarla təltif olunmuşlar.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirilmişdir.