Ölkəmizdə Çoxgöstəricili Klaster Sorğusu həyata keçiriləcək
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasında ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə müəyyənləşdirilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə may-iyul aylarında Çoxgöstəricili Klaster Sorğusu (MİCS) həyata keçiriləcək.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hazırlıq işləri çərçivəsində Çoxgöstəricili Klaster Sorğusu üzrə sahə işlərini həyata keçirəcək heyət üçün təlimlərə başlanılıb. Təlimin açılış mərasimində Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərinin müavini Vilyam Abi Abdallah çıxış edərək iştirakçılara MICS-in ölkəmizdə keçirilməsinin məqsədi və əhəmiyyəti, MICS çərçivəsində görülmüş işlər barədə məlumat veriblər. Bildirilib ki, bu təlim çərçivəsində Dövlət Statistika Komitəsinin və UNICEF-in mütəxəssisləri tərəfindən təlim iştirakçıları seçməyə düşmüş ev təsərrüfatı üzvlərinin sorğu olunması, uşaqların boy və çəkilərinin ölçülməsi, suyun keyfiyyətinin, duzun yodluluğunun yoxlanılması, eləcə də kompüter əsaslı (CAPİ) sorğunun keçirilməsi və s. məsələlərlə bağlı təlimatlandırılacaqlar.
MICS-in tarixinin ötən əsrin 90-cı illərinin ortalarından başladığı və indiyədək 118 ölkədə belə sorğuların aparıldığı, uşaqların müdafiəsi, sağlamlığı və qidalanması, təhsili üzrə mühüm məlumat mənbəyi rolunu oynadığı, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"lə müəyyənləşdirilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının monitorinqində əhəmiyyətli vasitəyə çevrildiyi də qeyd edilib.
Tədbirdə Dövlət Statistika Komitəsinin və UNICEF-in əməkdaşları çıxış edərək, müxtəlif məsələlərlə bağlı iştirakçıları məlumatlandırıb, “Əsas sahə işi üzrə təlimlər”in mayın 2-dək davam edəcəyi bildirilib, təlim çərçivəsində aprelin 20-dək sorğunun aparılması, sorğu anketlərinin doldurulması ilə bağlı təlimatlandırılacaqları, növbəti günlərdə isə sorğu anketlərinin sınağının aparılacağı və pilot sorğuların keçiriləcəyi nəzərə çatdırılıb.