Ölkəmizdə ilk dəfə Latın Amerikası rəqsləri üzrə festival təşkil olunub
Bakı, 13 noyabr, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzində Latın Amerikası rəqsləri üzrə festival təşkil olunub.
Əvvəlcədən elan edildiyi kimi, festivalda Amerika Birləşmiş Ştatları və İspaniyadan tanınmış salsa ustaları İvana Adler və Shaka Brovn cütlüyü ilə Alba Fernandez və David Moyano cütlüyü iştirak ediblər. Onlar, həmçinin paytaxtımızın ən məşhur Latın Amerika rəqsi məktəblərinin nümayəndələrinə ustad dərsləri keçiblər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərinin iştirakı ilə tədbirdə 220-dən çox rəqqas iştirak edib.
Tədbirdə “Salsa”, “Baçata” rəqslərinin incəlikləri barədə təlim, Gürcüstan Milli Sosial Rəqs Federasiyasının prezidentinin iştirakı ilə “Kizomba” rəqsi üzrə də ustad dərsləri təşkil olunub.
Azərbaycanda ilk dəfə təşkil olunan tədbirə nəinki paytaxtda, eləcə də region ölkələrindən kifayət qədər çox maraq göstərildiyindən festivalın hər il və daha geniş miqyasda keçirilməsi planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi ölkəmizin yalnız xizəkçilik, hotelçilik və qış-yay əyləncələri turizmi ilə deyil, eləcə də bu cür əyləncəli festivallar, beynəlxalq tədbirlər turizmi ilə də tanınmasına öz töhfəsini verir.