Ölkəmizdə koronavirusla mübarizədə qətiyyətli addımların atılması Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsidir
Bakı, 11 aprel, AZƏRTAC
Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusun geniş yayılmasının qarşısının alınması ilə bağlı mübarizə aparılır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında qabaqlayıcı tədbirlərə başlayaraq ölkəmizdə pandemiyanın geniş yayılmaması üçün mühüm işlər görür. Vəziyyətin nəzarətdə saxlanılması və bu istiqamətdə konkret addımların atılması Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsidir.
Bu fikirləri “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Mikayıl Həsənli AZƏRTAC-a açıqlamasında deyib.
M.Həsənli bildirib ki, hələ pandemiyanın ölkəmizin hüdudlarından çox uzaqda yayıldığı vaxt dövlətimizin başçısının göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və vəziyyətlə yaxından tanış olmaları, təcrübələrindən istifadə olunması üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edilərək onun nümayəndələrinin ölkəmizə gəlişi təmin olundu. Bununla da dövlətimiz vətəndaşına nə qədər çox önəm verdiyini, yarana biləcək hər bir təhlükəyə qarşı onun yanında olduğunu bir daha göstərdi. Biz də milli birliyimizi nümayiş etdirərək dövlətimizin yanında olmalıyıq. Vaxtında atılan addımların nəticəsidir ki, ölkəmiz bütün sərhədlərini dərhal bağladı, sosial izolyasiya tədbirləri həyata keçirərək karantin vəziyyəti elan olundu. Tədbirlər planının bir hissəsi kimi xaricdə yaşayan minlərlə vətəndaşımız çarter reyslərlə ölkəmizə gətirilir, karantin rejimində saxlanılanların sağlamlıqlarının qorunması üçün tədbirlər görülür, yeni laboratoriyalar yaradılaraq tibbi avadanlıqlar və ləvazimatlar alınır. Karantin zamanı xəstələrə qulluq edən fədakar tibb işçilərinin əməyinin qiymətləndirilməsi, onların şərəfli xidmətinə yüksək dəyərin bariz nümunəsi kimi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalanıb. Bundan başqa, dövlət başçısının Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Prezident illik məvacibini həmin Fonda köçürüb nümunəvi addım atmaqla vətəndaşlarımızın rifah halını, sağlamlığını nə dərəcədə diqqətdə saxladığını göstərdi.
Bu gün ölkəmizin istənilən ekstremal vəziyyətə hər an hazır olduğunu qeyd edən M.Həsənli deyib: “Bütün bunlar deməyə əsas verir ki, dövlət siyasətimizin prioriteti insan amilidir. Azərbaycan vətəndaşı kimi, güclü liderin, böyük dünyagörüşün, uzaqgörənliyin, uzunmüddətli inkişaf strategiyasının nə dərəcədə önəmli olduğunu qalib gələcəyimiz bu sınaq vasitəsilə görə bildik. İndi birlik və həmrəylik zamanıdır. Gənclik olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, onun siyasətinə dəstək verərək daim yanında olmalıyıq. Sözlə deyil, əməllərimizlə birlik göstərməli, üzərimizə düşən məsuliyyəti dərk etməli, fəaliyyət göstərdiyimiz sahədə bilik və bacarıqlarımızdan istifadə edərək şərəflə dövlətimizə xidmət etməliyik. Yalnız bu halda biz güclü Azərbaycana sahib olacağıq”.