Ölkəmizin 53 şəhər və rayonu üzrə elektron kadastr məlumat bazası yaradılıb
Bakı, 2 fevral, AZƏRTAC
Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov və Xəzər rayonları üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması” layihəsi üzrə işlər yekunlaşıb.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov AZƏRTAC-a məlumat verib.
Respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradıldığını deyən Q.Xəlilov qeyd edib ki, Bakının Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin icrası davam etdirilir. Layihə çərçivəsində Pirallahı rayonu üzrə çöl ölçmə işlərinin icrası yekunlaşıb.
“Ümumilikdə Bakı şəhərinin 630 küçə və prospekti üzrə 87518 yeni giriş ünvanı, 551 küçə və prospekti üzrə 250452 yeni daxili, 239987 köhnə daxili ünvan, Sumqayıt şəhərinin 166 küçə və prospekti üzrə 21620 yeni giriş ünvanı, 55911 yeni daxili ünvan, 54490 köhnə ünvan ÜRİS-ə (Ünvan Reyestri İnformasiya Sistemi) daxil edilib. Bakı şəhərinin 340 küçə və prospekti üzrə giriş nömrə nişanları və bina ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi və 30 ədəd küçə istiqamətləri nişanı quraşdırılıb” - deyə, şöbə müdiri bildirib.