İDMAN
ÖLKƏNİN BAŞ STADİONU AZƏRBAYCAN-İTALİYA MATÇINA HAZIRDIR
Sentyabrin 7-də Azərbaycanın futbol üzrə yığma komandası Avropa çempionatının seçmə turniri çərçivəsində özünün ilk matçını dünyanın ən güclü komandalarından biri olan İtaliya komandası ilə keçirəcəkdir. Məlum olduğu kimi, doqquzuncu qrupda - 2004-cü ildə Portuqaliyada keçiriləcək çempionata vəsiqə uğrunda bizim futbolçularla yanaşı İtaliya, Yuqoslaviya, Finlandiya və Uels seçmə komandaları da mübarizə aparacaqlar.
Avqustun 6-da ölkənin baş idman meydanında keçirilmiş müşavirədə bu matça hazırlıqdan, Tofiq Bəhramov adına Respublika stadionunun və şəhər infrastrukturunun İtaliyadan gələcək çoxsaylı azarkeşləri və kütləvi informasiya vasitələri işçilərini qəbul etməyə hazır olub-olmamasından söhbət getmişdir. Baş nazirin müavini Yaqub Eyyubovun sədrliyi ilə keçən müşavirəyə şəhərin müxtəlif xidmətlərinin rəhbərləri dəvət edilmişdi.
Yaqub Eyyubov dedi ki, bu matç Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir, çünki İtaliyanın seçmə komandası planetin ən güclü komandalarından biridir və onun oyunlarına dünyanın bir çox ölkələrində tamaşa edirlər.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev stadionda aparılan işlər barədə məlumat verərək bildirdi ki, qısa mvddət ərzində xeyli iş görülmüşdür - stadionun ot örtüyü təzələnmiş, soyunub-geyinmə otaqları və hakimlərin istirahəti üçün otaqlar tikilmiş, tribunalarda oturacaqların quraşdırılması başa çatdırılmış, yeni futbol qapıları alınmışdır. Bütün bunlar beynəlxalq tələblərə cavab verir. Nazir dedi ki, qarşıdakı oyuna tamaşa etmək üçün ölkəmizin paytaxtına 3,5 mindən çox italiyalı azarkeş gələcək, bu isə şəhərin hakimiyyət orqanlarından böyük diqqət tələb edir.
Müşavirədə şəhər icra hakimiyyətinin, Rabitə Nazirliyinin, “Azərenerji” SC-nin, şəhər polisinin və digər xidmətlərin nümayəndələrinə konkret tapşırıqlar verildi. Bu idarələrin nümayəndələrinin sözlərinə görə, nəzərdə tutulan işlər vaxtında yerinə yetiriləcək və bütün xidmətlər sentyabrın 1-dək Gənclər, İdman və Turizm Nazirliyinə müvafiq məlumat verəcəklər.
Baş nazirin müavini müşavirəyə yekun vuraraq bildirdi ki, dövlətin rəhbərliyi bu hadisəyə böyük əhəmiyyət verir. Son illər Azərbaycanda idman uğurla inkişaf edir və bunda MOK Prezidenti İlham Əliyevin xüsusi xidməti vardır. Yaqub Eyyubov dedi ki, oyunun nəticəsindən asılı olmayaraq, şəhərimizin qonaqları Bakını ölkəmiz barədə xoş təəssüratlarla tərk etməlidirlər.
Sonra müşavirə iştirakçıları stadionda gedən inşaat işləri ilə tanış oldular.