Ombudsman təsisatı ilə Finlandiya Respublikası arasında insan hüquqlarının müdafiəsi sahəsində fikir mübadiləsi aparılmışdır
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Finlandiyanın ölkəmizdəki səfiri Krister Mikelsson ilə görüşmüşdür.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Ombudsman təsisatı ilə Finlandiya Respublikası arasında insan hüquqlarının müdafiəsi sahəsində gələcək fəaliyyətin prioritet məsələləri barəsində fikir mübadiləsi aparılmışdır.
E.Süleymanova təsisatda əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış müşavirlərin təyin edildiyini, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun respublikamız tərəfindən ratifikasiya olunduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Ombudsman təsisatı milli preventiv mexanizm kimi müəyyən edilmiş və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarət də bu quruma həvalə olunmuşdur.
E.Süleymanova dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təbliği və tətbiqi vəziyyəti ilə bağlı məlumat vermişdir.
Səfir Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirmiş və onunla əməkdaşlıqda maraqlı olduğunu söyləmişdir.