OMBUDSMAN ÜMUMİ DÖVRİ İCMAL ÇƏRÇİVƏSİNDƏ HESABATLA BAĞLI TRENİNQ-SEMİNAR KEÇİRMİŞDİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Bərabərlik və İnsan Hüquqları Komissiyasının, habelə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının eksperti Kyaran O’Maoleyn, komissarlığın Cənubi Qafqaz üzrə regional nümayəndəsi Vladlen Stefanovun iştirakı ilə treninq-seminar keçirilmişdir. Seminarda Ümumi Dövri İcmal çərçivəsində hesabatın hazırlanması üzrə prosedur qaydaları, müvafiq mexanizmlər izah olunmuşdur.
Seminara müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılmışlar.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova Ümumi Dövri İcmalın BMT-nin İnsan Hüquqları Şurası tərəfindən yaradılan və dövlətlərin insan hüquqları sahəsində vəziyyətinin dəyərləndirilməsinə yönəlmiş yeni mexanizm olduğunu vurğulamışdır. Bu mexanizmin dövlətlərin insan hüquqları ilə bağlı götürdükləri öhdəliklərin yerinə yetirilməsini qərəzsiz olaraq müəyyənləşdirməyə imkan verdiyi, “A” statusuna malik olan, fəaliyyətini Paris Prinsipləri ilə tam uyğunluqla quran milli təsisatların, o cümlədən Azərbaycan Ombudsman təsisatının bu prosesdə bilavasitə iştirak edəcəyi barədə məlumat verilmişdir.
Ombudsman Azərbaycan Respublikasının bu icmal çərçivəsində təqdim olunacaq məruzəsinin dinlənilməsinin 2009-cu ilin aprel ayında gözlənildiyini və müvafiq qaydalara görə, dövlətin hesabatının altı həftə əvvəl təqdim ediləcəyini söyləmişdir. Hesabatları dinləniləcək ölkələrin Milli İnsan Hüquqları Təsisatlarının müşavirəsi zamanı bu ölkələrin əksəriyyətində icmal üçün artıq hazırlıq tədbirlərinin başlandığı qeyd olunmuş, dövlət hesabatı ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da əlavə hesabatlarının nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.
Ekspertlər BMT-nin İnsan Hüquqları Şurasına üç il müddətinə üzv seçilmiş Azərbaycanda insan hüquqları sahəsində islahatların aparılmasını müsbət hal kimi dəyərləndirmiş, insan hüquqları sahəsində respublikamızın bir sıra ölkələrdən irəlidə olduğunu söyləmişlər.