Azərbaycan Dövlət İnformasiya Agentliyi

On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi

On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi

Bu il müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə geniş qeyd edilir. Prezident İlham Əliyev bu hadisəni xalqımızın tarixinin çox mühüm və şərəfli səhifələrindən biri kimi xarakterizə edərək demişdir: “Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində ilk demokratik respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha göstərir ki, azərbaycanlılar azadlıqsevər və mütərəqqi xalqdır”. Dövlətimizin başçısı Cümhuriyyətin tarixinə, onun qurucularının xatirəsinə daim böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl Prezidentin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmış, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Lakin Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularının xatirəsinə ən böyük ehtiramı onların ideyalarını yaşatması, demokratiya arzularını reallaşdırması, Azərbaycanın müstəqilliyini və suverenliyini etibarlı şəkildə qorumasıdır, desək heç də yanılmarıq... 

Bir neçə gündən sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Bir tərəfdən, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldıran separatizm daha da güclənmişdi, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmişdi, soydaşlarımızın 1 milyona qədəri qaçqın və məcburi köçkünə çevrilmişdi, digər tərəfdən isə ənənəvi iqtisadi-ticarət əlaqələri pozulmuşdu, ölkəni iqtisadi və siyasi böhran bürümüşdü. Yalnız 1993-cü ildə Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıdandan sonra ölkə tədricən bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli-vətəndaş birliyi yaradıldı və cəmiyyət həyatının bütün sahələrində yenidənqurmaya başlanıldı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. Oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam olur. Bununla əlaqədar olaraq, cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti postundakı fəaliyyətinin 15 illiyi haqqında bəzi düşüncələrimi oxuculara çatdırmaq istəyirəm.

Ümumi formada qiymətləndirsək, cənab İlham Əliyev özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bununla yanaşı, digər əsas daxili inkişaf parametrləri - makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirmişdir.

İkincisi, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 15 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ilk üçlükdə qərarlaşmışdır.

Ayrı-ayrı sahələr üzrə təhlil aparsaq görərik ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (4 mindən çox qeyri-kommersiya təşkilatı), 5 mindən çox kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir.

2012-ci ildə “Siyasi partiyalar haqqında” Qanuna edilmiş əlavələrə görə, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Siyasi partiyalar ölkədə azad, şəffaf və demokratik şəraitdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir. Bu isə Azərbaycanda siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin formalaşdığını göstərir.

Ölkədə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına ciddi əhəmiyyət verilir. Cənab Prezidentin sərəncamları ilə 2007-ci ildə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiq edilmiş, bu sahədə ixtisaslaşmış qurum kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. 2008-ci ildə fəaliyyətə başlayan Şura ictimai təşəbbüsləri dəstəkləyərək QHT-lərin minlərlə layihəsini maliyyələşdirmişdir.

Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev keçən dövr ərzində KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul etmiş, müvafiq fərman və sərəncamlar imzalamışdır. Hazırda ölkədə KİV-lərin ümumi sayı 5 mini, Az.domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 20 mini ötmüşdür. 10 milyona yaxın əhalinin 80 faizi internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir. Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional, 17 kabel, 25 internet (İP) televiziyası, 16 radio fəaliyyət göstərir. 2005-ci ildə ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və fəaliyyətə başlamışdır.

2008-ci ildə cənab Prezident “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında sərəncamlar imzalamışdır. İndiyə qədər Fond vasitəsilə medianın inkişafına ümumilikdə 60 milyon manat vəsait yönəldilmişdir. Bundan başqa, cənab İlham Əliyevin sərəncamlarına əsasən jurnalistlər üçün dövlət hesabına 410 mənzildən ibarət iki yaşayış binası tikilmiş və KİV nümayəndələrinin istifadəsinə verilmişdir. Hazırda 255 mənzildən ibarət üçüncü binanın tikintisi davam edir.

Prezident İlham Əliyevin hakimiyyəti illərində siyasi sferada olduğu kimi, iqtisadi sahədə də ciddi uğurlar qazanılmışdır. Onun rəhbərliyi ilə son 15 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edilmişdir. Bu dövrdə ÜDM-də özəl sektorun payı 80 faizi ötmüş, makroiqtisadi sabitlik möhkəmləndirilmiş, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlmişdir. 2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunmuşdur. Hazırda dördüncü proqramın qəbul edilməsinə hazırlıq görülür.

Ötən dövr ərzində qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf etdirilmiş, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlamışdır. 2014-cü ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar (Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Neftçala, Masallı və s.) yaradılmış, istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac imkanlarının artırılması və innovativ istehsalın inkişaf etdirilməsi istiqamətində ciddi tədbirlər görülmüşdür. Sumqayıtda alüminium, karbamid, plastik emalı zavodları, “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen zavodları (bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur), Balaxanıda məişət tullantılarının təkrar emalı zavodu, Bakı gəmiqayırma zavodu, Gəncə, Naxçıvan və Neftçalada avtomobil zavodları, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodları, Gəncə alüminium yarımfabrikatı, kənd təsərrüfatı texnikası zavodları və digər sənaye müəssisələri həmin illərdə istifadəyə verilərək ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayır.

Aqrar sektorda həyata keçirilən islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar ölkə iqtisadiyyatında bu sahənin ardıcıl inkişafına zəmin yaratmışdır. 2003-2018-ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6 dəfə, bu sahəyə əsaslı kapital qoyuluşu 21 dəfə artmışdır. Ölkədə 4 iri su anbarı (Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay), 4 min kilometr suvarma kanalları, 2,4 min kilometr kollektor-drenaj şəbəkələri tikilmiş və bərpa olunmuş, 360 min hektar torpağın su təminatı, 264 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış, 219 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, sitrus meyvəçiliyi, çəltikçilik və arıçılığın dirçəldilməsi, fındıq, badam, xurma, zeytun, nar bağlarının genişləndirilməsi istiqamətində görülən işlər ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırmışdır.

On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri (uzunluğu 1767 kilometr), 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (uzunluğu 980 kilometr) istifadəyə verilmişdir. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal layihənin icrası sürətlə getmiş və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir. TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılmışdır. Yeni şərtlərə görə SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir. Müqavilənin müddətinin uzadılması Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaratmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüşdür. Təməli 2007-ci ildə qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olmuşdur. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilmişdir. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılmışdır. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur. 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, 2013-cü il ölkədə “İnformasiya Texnologiyaları İli” elan edilmişdir. Həmin il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci - Yer səthini müşahidə edən “Azersky” peyki, bu ilin sentyabrında isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılmışdır.

Son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənmişdir. Bu dövrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud əsaslı təmir edilmişdir. Yüzlərlə tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma işləri həyata keçirilmiş, ölkənin bütün ali təhsil ocaqları, həmçinin AMEA-nın nəzdində olan institut və müəssisələr təmir edilərək yeni avadanlıqla təchiz olunmuşdur. Ölkədə 15 min kilometr yol çəkilmiş, 443 körpü inşa olunmuşdur. Bakıda 4 yeni metro stansiyası istifadəyə verilmiş, bir neçə stansiyada yenidənqurma işləri aparılmışdır. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı - Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlamışdır. Azərbaycanda 7 hava limanı tamamilə yenidən qurularaq istifadəyə verilmişdir. Onlardan altısı (Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala) beynəlxalq hava limanı statusu almışdır. Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 əsas hava limanı sırasına daxil olmuşdur.

2003-2018-ci illər ərzində ölkədə ümumi generasiya gücü 2500 MVt olan 30 elektrik stansiyası tikilib istifadəyə verilmiş və Azərbaycan regionda elektrik enerjisi ixracatçısına çevrilmişdir. İlin sonuna qədər 400 meqavat gücündə daha bir elektrik stansiyası da (“Şimal-2”) istifadəyə veriləcəkdir. Bölgələrdə qazlaşdırma sürətlə aparılmış və ölkə üzrə təbii qaz təchizatı 51 faizdən 95 faizə yüksəlmişdir. Nəhəng Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi icra edilmiş, Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu inşa olunmuş, regionlarda çoxsaylı subartezian quyuları qazılmış, çaylar boyu yüzlərlə modul tipli kiçik sutəmizləyici qurğular istifadəyə verilmiş, əhalinin fasiləsiz içməli su ilə təminatı yaxşılaşdırılmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2 milyon manat) tam silinmiş, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ödənilmişdir. 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılmış, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilmişdir.

Cənab İlham Əliyev prezidentliyi dövründə ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparmışdır. Onun müvafiq fərman və sərəncamı ilə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilmiş, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistemdə birləşdirən “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Bu mərkəzlərə 2013-2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olmuş, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşmışdır. Dünyada Azərbaycanın brendi kimi tanınmış “ASAN xidmət” modeli artıq başqa ölkələrdə də tətbiq edilir. Prezident İlham Əliyev 2018-ci ilin avqustunda əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"ni (DOST) yaratmışdır.

Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. Son 15 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilmişdir. İlin sonuna qədər həmin kateqoriyadan olan daha 500 nəfərin yeni mənzillərlə təmin olunacağı nəzərdə tutulmuşdur. Azərbaycan Prezidenti bu məqsədlə Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayırmışdır.

2003-2018-ci illərdə məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görülmüş, ölkədəki bütün çadır düşərgələri, fin tipli qəsəbələr ləğv edilmiş, yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşdırılmışdır. 2016-cı ilin aprel ayında təhlükəsiz yaşayışı təmin olunmuş Cocuq Mərcanlı kəndi (Cəbrayıl rayonu) qısa müddət ərzində bərpa edilmiş, orada 150 evdən ibarət qəsəbə tikilmiş və köçkünlər öz doğma yurdlarına qayıtmışlar. Eyni zamanda, işğaldan azad olunmuş Şıxarx qəsəbəsində (Tərtər rayonu) 1170 ailə üçün yeni şəhərcik salınmışdır. Bu ilin doqquz ayında 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunmuşdur. İlin sonuna qədər daha 2800 ailənin ev və ya mənzillərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, habelə Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük xidmətlərinə görə cənab İlham Əliyev 2015-ci ildə BMT-nin “Cənub-Cənub” mükafatı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür. 2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında iki min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırmışdır. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürülmüşdür.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial mövqe ifadə etmişdir: “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”. 2003-2018-ci illərdə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuşdur. BMT Baş Assambleyasının 60-cı (2006) və 62-ci (2008) sessiyalarının qəbul etdiyi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələrdə zəbt olunmuş Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılması, orada yanğınlar törədilməsi faktları pislənilmiş, BMT Təhlükəsizik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır. AŞPA-nın (1416 saylı “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə”, 2005), Avropa Parlamentinin (“Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb”, 2010) qətnamələrində, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitinin Bəyannaməsində (2017) və Avropa İttifaqı - Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında (2018), Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (Tehran, 2012) və XVII (Marqarita, 2016) sammitlərinin, İƏT-in XI (Seneqal, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində, ECO-nun 13-cü sammitinin (İslamabad, 2017) yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, NATO-nun 2006-cı ildən bəri keçirilən zirvə toplantılarının, o cümlədən Nyuport (2014), Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin öz əksini tapması Azərbaycanın mənafeyinə cavab verir.

Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınmış, onun beynəlxalq nüfuzu getdikcə yüksəlmişdir. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurmuş və müvafiq sənədlər imzalamışdır.

Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafını təmin etmişdir. 2003-2018-ci illər ərzində ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilmiş və ya bərpa olunmuşdur. Xüsusi dini-mənəvi və tarixi-mədəni əhəmiyyət kəsb edən Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir, Əjdərbəy, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində təmir və yenidənqurma işləri aparılmışdır. Şamaxı Cümə məscidi və Gəncədə “İmamzadə” dini-mədəniyyət abidəsi əsaslı bərpa edilmiş, Bakıda Qafqazın ən böyük məscidi olan Heydər Məscidi (2014), Hacı Cavad Məscidi (2018) və dağ yəhudiləri üçün sinaqoq (2011) tikilərək dindarların istifadəsinə verilmişdir. Hazırda ölkə ərazisində 2250 məscid, 14 kilsə, 7 sinaqoq sərbəst fəaliyyət göstərir.

Prezident İlham Əliyevin sərəncamları ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış (2014), 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdir. Azərbaycan sivilizasiyalararası dialoq, tolerantlıq və humanitar əməkdaşlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, bir sıra qlobal təşəbbüslər irəli sürmüşdür. 2008-ci ildə Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısına İslam ölkələri mədəniyyət nazirləri də dəvət edilmişdir. Həmin forumda Azərbaycan Prezidenti sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı naminə “Bakı Prosesi” təşəbbüsü ilə çıxış etmişdir. Sonrakı illərdə bu çərçivədə çoxsaylı beynəlxalq tədbir və layihələr həyata keçirilmişdir.

Prezident İlham Əliyev gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə 2005-2021-ci illəri əhatə edən 3 dövlət proqramı təsdiq etmişdir. Eyni zamanda, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc xarici ölkələrin qabaqcıl tədris ocaqlarında təhsil almağa göndərilmişdir. Ölkə gənclərinin elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş layihələlərin reallaşdırılmasına kömək göstərilməsi, onların fəaliyyətinin stimullaşdırılması məqsədilə 2011-ci ildə Gənclər Fondu yaradılmış, 2013-cü ildə gənclər üçün Prezident mükafatı təsis edilmişdir.

Prezident İlham Əliyevin qayğısı sayəsində ölkədə idman və bədən tərbiyəsi sahəsində sürətli inkişaf prosesi getmiş, böyük uğurlar əldə edilmişdir. Bakıda və bölgələrdə 43 Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur. Azərbaycan idmançıları ildən-ilə öz nəticələrini yaxşılaşdırır, yüksək nailiyyətlər əldə edirlər. İdmançılarımız 2004-cü il Afina Olimpiadasında 5 medal (1 qızıl, 4 bürünc), 2008-ci il Pekin Olimpiadasında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc), 2012-ci il London Olimpiadasında 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc), 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarında isə 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanmışlar. Sonuncu Olimpiya oyunlarında qazanılmış medalların sayına görə Azərbaycan dünyada 14-cü, Avropada 7-ci, MDB ölkələri arasında 2-ci, müsəlman aləmində isə 1-ci olmuşdur.

2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmişdir. 50 ölkəni təmsil edən 6 min idmançının iştirak etdiyi Oyunlarda komandamız ümumi hesabda 2-ci yeri tutmuş, 21-i qızıl olmaqla 56 medal qazanmışdır. 2017-ci ilin mayında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan komanda hesabında 1-ci yerə çıxmışdır. 2016-cı ildən etibarən Bakıda hər il ümumi auditoriyası 500 milyon nəfərdən çox olan “Formula 1” yarışları təşkil edilir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını, çoxşaxəli islahatlar proqramını yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət vermişdir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır (2017). Forumun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdir.

Əslində, Azərbaycana gələn hər bir kəs mötəbər beynəlxalq təşkilatların hesabat və reytinqləri ilə tanış olmasa belə, təkcə paytaxt Bakı şəhərinə nəzər salmaqla son 15 ildə böyük bir sıçrayışın baş verdiyinə əmin ola bilər. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasına əsasən 2003-2018-ci illərdə həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə, regionun biznes və mədəniyyət mərkəzinə, cəlbedici turizm və istirahət məkanına çevrilmişdir. Şəhərin tarixi görkəmi müasir və zövqlü tikililərlə tamamlanmış, Bakının yeni simvol və rəmzləri olan Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, “Alov qüllələri”, “Baku Crystal Hall” və digər inşaat kompleksləri dünyanın memarlıq inciləri sırasına daxil olmuşdur. Şəhərin ictimai-mədəni və nəqliyyat-təsərrüfat infrastrukturu müasir tələblərə uyğunlaşdırılmış, yeni küçə, körpü və yol ötürücüləri tikilmiş, yaşıllıq və parklar salınmış, ekoloji şərait yaxşılaşdırılmış, dənizkənarı bulvar 3,5 kilometrdən 16 kilometrə qədər uzadılmışdır. Paytaxt ərazisindən çıxarılan sənaye müəssisələrinin yerində modern tipli şəhərsalma layihələri reallaşdırılmışdır.

Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır.

 

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

Azərbaycanın Müstəqillik Günü: Tbilisidən fotoreportaj

“Tasnim”: Pezeşkian İranda internetə çıxışın bərpasını tapşırıb

ABŞ İrana Hörmüz boğazındakı minaların təmizlənməsi üçün 30 gün vaxt verməyi planlaşdırır

Şalva Papuaşvili: Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir

Yazıçı-publisist Varis Yolçiyevin “İrəvanda xan qalmadı” adlı sənədli romanının təqdimat-müzakirəsi olub

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

“Caz ruhunda Balabanın səsi” Romada

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur

“Milan” Alleqri ilə yollarını ayırıb

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Fransa ordusu üçün həlledici seçim: yerli sistemlər, yoxsa ABŞ-nin “HIMARS”ı?

Bu saata olan əsas xəbərlər

Düşənbədə su festivalı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Rumıniyanın Prezidenti Nikuşor Dandan

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibləri məlum olub

WUF13: Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzinə çevrildi - ŞƏRH

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevdən

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

®  “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

® “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi

® “Rabitəbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Fransa istilik dalğası ilə üzləşib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar

Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusuna növbəti tədris ili üçün 180 yer nəzərdə tutulur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olub

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda duz istehsalı 28 faiz artıb

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın iki filmi “SFC | Rendez-vous Industry” proqramında

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın qlobal miqyasda konstruktiv rolu yenidən təsdiqləndi - RƏY

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

BMU tələbəsinin layihəsinə “Startap” şəhadətnaməsi verilib

Şəbnəm İsayeva: Ağır metallarla çirklənmiş torpaqların bərpası mərhələli şəkildə aparılmalıdır

Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya

Valideyn himayəsindən məhrum uşaqlara onlayn təhlükəsizlik qaydaları öyrədilib

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb

Qazax stadionunun güləş zalı yenidən qurulur