On ölkənin media nümayəndələrinin Çin tarixinə və mədəniyyətinə ekskursiyası VİDEO
Pekin, 17 oktyabr, AZƏRTAC
Pekində keçiriləcək 3-cü “Bir kəmər-bir yol” beynəlxalq əməkdaşlıq forumu ərəfəsində 10 ölkənin aparıcı KİV-lərinin nümayəndələrinin Çinə press-turu təşkil edilib.
Media nümayəndələrinin Şensiyə səfəri ÇKP MK və “Jenmin Jibao” qəzetinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinin üzvləri “Bir kəmər, bir yol” media əməkdaşlıq Forumunda da iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan KİV-lərinin nümayəndə heyəti əvvəlcə Şensi əyalətinin tarixi, mədəniyyəti və iqtisadiyyatı ilə tanış olublar.
AZƏRTAC-ın da nümayəndə heyətinin qatıldığı Avrasiyanın aparıcı media qurumlarının jurnalist heyəti qədim Çin sivilizasiyasının ən qədim izlərini özündə yaşadan Sianın tarixi məkanları, son 10 ildə əldə etdiyi iqtisadi dirçəliş və uğurları ilə tanış olublar. Daha sonra jurnalistlər “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürüldüyü son 10 il ərzində Şensi əyalətinin Veynan, Tunquan və Baodzi şəhərlərində bir çox layihələr barədə ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, “Bir kəmər, bir yol” region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir.
Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan bu təşəbbüsü 2013-cü ildə elan edilib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik dostluq münasibətləri nəticəsində ölkəmiz bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir.