“Ordu xalqın dayağıdır” mövzusunda keçirilən silsilə tədbirlər sona çatıb
Bakı, 16 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordu xalqın dayağıdır” mövzusunda keçirilən hərbi vətənpərvərlik tədbirinin son günü “N” saylı hərbi hissədə “Açıq qapı” günü ilə davam edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mahrızlı, Rzalar, Xındırıstan, Zəngişalı və Paşabəyli kəndlərinin tam orta məktəblərinin, həmçinin köçkün ərazi orta məktəbinin şagirdləri hərbi hissədə əsgərlərin yaşayış və məişət şəraiti ilə, təlim nöqtələrində atıcı silah və döyüş texnikaları ilə yaxından tanış olublar. Məktəblilərə silah və döyüş texnikalarının taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Tədbir özfəaliyyət dərnəyinin konsert proqramı və səyyar naharın təşkili ilə başa çatıb.