Ortaq türk televiziya kanalının yaradılması üzrə əlaqələndirmə qrupunun iclası olub
İstanbul, 25 fevral, AZƏRTAC
Fevralın 23-24-də İstanbulda ortaq türk televiziya kanalının yaradılması üzrə əlaqələndirmə qrupunun ikinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin milli televiziya kanallarının və xəbər agentliklərinin nümayəndələri, eləcə də dövlət rəsmiləri iştirak ediblər.
İclas iştirakçıları kanalın idarə edilmə forması, yayım dilləri, maliyyələşməsi, büdcəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Üzv ölkələrin xəbər agentliklərinin təmsilçiləri Türk Şurası çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul