Ötən 5 ildə Beyləqan, Füzuli və Xocavənd rayonlarında 118 subartezian quyusu qazılıb
Beyləqan, 10 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Beyləqan və Füzuli rayonlarında da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinəyararlı torpaqların genişləndirilməsi məqsədilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismarı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin balansında olan 107 quyu ilə Beyləqan rayonunda 1250 hektar, 164 quyu ilə Füzuli rayonunda 3570 hektar, 34 quyu ilə Xocavənd rayonunun 1320 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son 5 ildə əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Beyləqan, Füzuli və Xocavənd rayonlarında 118 subartezian quyusu qazılıb. Bundan başqa, istismarda olan subartezian quyularının təmir-bərpası da daim diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə cari ildə Beyləqan rayonunda 12, Füzuli rayonunda 14, Xocavənd rayonunda isə 2 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq quyuların 23-ü qazılıb. Digər quyularda işlər davam etdirilir. Yeni quyuların istifadəyə verilməsi ilə bu rayonlarda 350 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin ediləcək. Bundan başqa, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Daşkəsən kəndində 1 subartezian quyusu bərpa olunub.