Ötən həftə keçirilmiş altı təlimdə 101 fermer iştirak edib
Bakı, 16 mart, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən müəyyən olunmuş təlim proqramına uyğun olaraq ötən həftə fermerlərin maarifləndirilməsi davam etdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Lənkəran rayonunda keçirilmiş təlimdə 14, Masallıda 13, Şəmkirdə keçirilmiş təlimdə 22, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Şəmkirdə təşkil olunmuş təlimdə 34 , Aqrar Xidmətlər Agentliyi tərəfindən Bərdə və İmişli rayonlarında təşkil olunmuş təlimdə isə 18 fermer iştirak edib.
Fermerlərə quşçuluqda yumurtalıq istiqamətli cücələrin bəslənmə texnologiyası, quşçuluq binalarında mikroiqlimin tənzimlənməsi qaydaları, taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri, təhlükəsizlik qaydalarına əməl olunması, sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması, arata torpağın hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, iribuynuzlu heyvandarlıqda dabaq və qarayara xəstəliklərinin profilaktikası haqqında məlumatlar verilib.