Ötən il Hesablama Palatasının fəaliyyətində şəffaflıq və ekoloji yanaşma ön planda olub

Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti həm audit, həm də qeyri-audit istiqamətlər üzrə genişləndirilmiş, hesabatlar beynəlxalq prinsip və sənədlərə, o cümlədən Lima və Mexiko bəyannamələrinin müvafiq müddəalarına, “Hesablama Palatası haqqında” Qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq hazırlanıb. İl ərzində həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində ümumilikdə 2 milyard 66,2 milyon manat həcmində maliyyə təhrifləri aşkarlanıb. Bu məbləğin 1 milyard 734,2 milyon manatı audit fəaliyyətlərinin (o cümlədən Naxçıvan Muxtar Respublikasındakı nəzarət tədbirlərinin) nəticəsidir. Qalan 332 milyon manatlıq təhrif isə analitik təhlillər zamanı üzə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, aşkarlanmış təhriflər maliyyə hesabatlarının struktur elementləri üzrə sistemləşdirilərək iki əsas qrupa bölünüb: “Məlumatların maliyyə sənədlərində, ümumiyyətlə, əks olunmaması halları 807,3 milyon manat və digər formalarda sənədləşmə səhvləri 907,9 milyon manat. Naxçıvan MR üzrə idarənin apardığı audit zamanı isə 19 milyon manat məbləğində maliyyə uyğunsuzluqları müəyyən olunub”.
Hesablama Palatasının sədri qeyd edib ki, 2024-cü il ölkə Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan edildiyindən ekoloji məsuliyyət də Hesablama Palatasının prioritet istiqamətlərindən biri olub. Bu kontekstdə iki ekoloji auditin nəticələri Milli Məclis nümayəndələrinin iştirakı ilə müzakirəyə çıxarılıb, UNEC-in maliyyə və mühasibat ixtisası üzrə tələbələrinə ətraf mühitin auditi mövzusunda maarifləndirici seminarlar keçirilib. Habelə əməkdaşlar tərəfindən yaşıl büdcə, ekoloji satınalmalar və davamlı maliyyə idarəçiliyi barədə bir sıra elmi çıxışlar və məqalələr təqdim olunub.
“Hesabatın hazırlanması zamanı beynəlxalq hesabatvermə təcrübələrindən istifadə olunub, məlumatların daha anlaşıqlı və funksional formatda təqdim edilməsi təmin olunub. 2024-cü il üzrə fəaliyyət nəticələrimiz konkret göstəricilər və xronoloji ardıcıllıqla sənədləşdirilərək oxucuya həm ümumi mənzərəni, həm də konkret təhlilləri təqdim etməyə yönəlib”, - deyə Vüqar Gülməmmədov əlavə edib.