SİYASƏT
Özbəkistan Prezidentinin müşaviri: İqlim böhranının aradan qaldırılması istiqamətində regionumuzda irimiqyaslı layihələr həyata keçirilir
Bakı, 5 noyabr, AZƏRTAC
İqlim dəyişikliyinin mənfi fəsadları bütün bəşəriyyəti narahat edir. Bunun qarşısının alınması üçün ciddi addımların atılması bütün bəşəriyyət qarşısında duran vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Prezidentinin İctimai və dini təşkilatlarla əlaqələr üzrə dövlət müşaviri Müzəffər Kamilov Dünya dini liderlərinin qlobal Bakı Sammitində söyləyib.
O bildirib ki, zəhərli qazların atmosferə buraxılması, havanın çirkləndirilməsi insanların sağlamlığını təhdid edir. Aral dənizinin quruması da dünyanın böyük ekoloji problemlərindən biridir. Dənizin quruması, həmçinin yerli iqlimə mənfi təsir göstərir.
“İqlim böhranının aradan qaldırılması istiqamətində regionumuzda irimiqyaslı layihələr, ciddi işlər həyata keçirilir. Ətraf mühitin mühafizəsi və qorunması çərçivəsində keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammiti təqdir edilməlidir. Dinindən, millətindən asılı olmayaraq, bütün insanların səylərini birləşdirməsi lazımdır”, - deyə M.Kamilov əlavə edib.