“Özbəkistan” televiziya kanalında Azərbaycanın Zəfər Günü ilə bağlı proqram yayımlanıb
Daşkənd, 12 noyabr, AZƏRTAC
“Özbəkistan” dövlət televiziya kanalında Azərbaycanın Zəfər Günü ilə bağlı veriliş yayımlanıb.
Verilişdə Azərbaycanın 44 günlük Vətən müharibəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqları azad edib. Qeyd olunub ki, bir neçə gün bundan əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edərək Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıb.
Proqramda Azərbaycanın Özbəkistandakı səfirliyi ilə bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Hyatt Regency Tashkent” otelində Zəfər Günü münasibətilə keçirdikləri qəbul haqqında da söhbət açılıb.
Verilişdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin qəbuldakı çıxışından bir hissə verilib. Ermənistanın təcavüzkar siyasətindən danışan səfir bildirib ki, Azərbaycanın işğal olunan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 30 ilə yaxın bir müddətdə icra olunmayıb. Ancaq Azərbaycan bu qətnamələrin icrasını cəmi 44 gün müddətində təkbaşına həyata keçirdi.
Proqramda çıxış edən AMM-nin direktoru Samir Abbasov deyib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın çoxsaylı mədəniyyət abidələri dağıdılıb, milli mədəni irsimizə böyük ziyan vurulub, İslam abidələri təhqir edilib. İşğaldan azad olunan ərazilərdə 67 məscidin 65-i ermənilər tərəfindən tamamilə dağıdılıb, qalan iki məscid isə zərər görüb.
Verilişdə Türkiyənin Özbəkistandakı səfirliyinin mədəniyyət və turizm üzrə məsləhətçisi Alparslan Akınçı, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, dosent Tulkin Eşbek, “Mədəniyyət və Mərifət” Mərkəzinin eksperti Cəmilə Şirmuxammedova və başqaları Ermənistanın zaman-zaman həyata keçirdiyi işğalçılıq siyasətindən danışıb, belə məkrli planlardan geri çəkilməyə çağırış ediblər.
Proqramda AMM-nin fəaliyyəti haqqında da məlumat verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd