ÖZBƏKİSTANDA MÜSTƏQİLLİK BAYRAMI
Sentyabrin 1-i özbək xalqı müstəqilliyinin 11-ci ildönümünü təntənəli şəkildə qeyd etmişdir. Bu münasibətlə keçirilən rəsmi dövlət tədbirində Özbəkistan prezidenti İslam Kərimov əlamətdar gün münasibətilə özbək xalqını, ölkədə yaşayan digər xalqları təbrik edərək demişdir:
- Xalqımızın qədim, çoxəsrlik və zəngin tarixinə nəzər salanda, əlbəttə, on bir il adama bir an kimi görünür. Amma biz bu on bir ildə çox böyük inkişaf yolu keçmişik və bu xətt uğurla davam etdirilir.
Sonra Özbəkistan incəsənət ustalarının ifasında böyük konsert proqramı göstərilmiş, Özbəkistanda yaşayan xalqların mahnı və rəqsləri ifa edilmişdir.
Dövlət tədbirində Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov, Azərbaycan mədəniyyət mərkəzinin sədri İsmayıl Məmmədov, Daşkənddəki Azərbaycan diasporunun üzvləri də iştirak etmişlər.
İsmayıl Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
- Bu gün Özbəkistanda yaşayan 60 minə yaxın azərbaycanlının da bayramıdır. Onların əksəriyyəti bu torpaqda doğulub, burada təhsil alıblar. Tarixi vətəndən uzaqda yaşasaq da adət-ənənələrimiz, toy, yas mərasimlərimizi elə Vətəndəki kimi qeyd edirik. Azərbaycandan kənarda yaşayan soydaşlarımızın bir arzusu var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə başa çatsın və xalqımız rahat nəfəs alsın.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd