SİYASƏT
“Özəl sektorun dinlərarası anlaşmaya və sülhə töhfəsi” mövzusunda əməkdaşlıq toplantısı
![](/files/galleryphoto/2016/1/1200x630/14615923766120520616_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14615923761490916351_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14615923761607860007_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14615923764168656187_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən biznes simpozium işini “Özəl sektorun dinlərarası anlaşmaya və sülhə töhfəsi” mövzusunda əməkdaşlıq toplantısı ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, Dini Azadlıq və Biznes Fondunun prezidenti Brian Grimin moderatorluğu ilə keçirilən toplantıda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Südabə Zeynalova ölkəmizdə özəl sektorun inkişafı üçün yaradılan əlverişli şəraitdən söz açıb. Bildirib ki, Azərbaycanda özəl sektorun inkişafı dövlətimizin başçısının diqqət mərkəzindədir.
Azərbaycanın 25 ildir müstəqilliyini bərpa etdiyini vurğulayan Südabə Zeynalova bildirib ki, bu illər ərzində ölkəmizdə bazar iqtisadiyyatı sürətlə inkişaf edib. Hökumət həm neft, həm də qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir. Ölkədə 700 min sahibkar fəaliyyət göstərir. Onların içərisində həm fiziki, həm də hüquqi şəxslər var. Diqqətə çatdırılıb ki, 9,6 milyon əhalisi olan ölkə üçün bu, yaxşı göstəricidir.
Qeyd edilib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanda çoxlu sayda xarici şirkətlər fəaliyyətə başlayıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın 140 ölkəsi ilə ticarət əlaqəsi qurub. Azərbaycanda xarici sərmayəyə əsaslanan 5700 şirkət var.
Bildirilib ki, hazırda Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm layihələr reallaşdırır. Sənaye parkları və texnoparklar yaradılıb. İnsan kapitalının inkişafına xüsusi diqqət yetirilir.
Vurğulanıb ki, Azərbaycan qazının Avropaya nəqli istiqamətində mühüm işlər görülür və “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılması ölkənin prioritetlərindəndir.
Tolerantlığın köklərindən danışan S.Zeynalova deyib ki, əsrlərdir müxtəlif xalqların nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Burada xristianların da, yəhudilərin də ibadət yerləri var və onların dini ayinlərinə böyük hörmət və ehtiramla yanaşılır. O, Azərbaycanda mövcud olan tolerantlıq təcrübəsi barədə məlumat verərək bildirib ki, ölkəmiz çoxmillətli və çoxdinli ölkədir. Hökumət din azadlığını təmin edir. Diqqətə çatdırılıb ki, bu il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan olunub.
Müzakirələrdə çıxış edənlər təmsil etdikləri qurumlarda insanların birgə fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən, reallaşdırılan layihələrdən, ekstremizmə qarşı birgə mübarizədən söz açıblar. Qeyd olunub ki, təhsil ekstremizmlə mübarizə aparmağın vacib yollarından biridir. Müxtəlif dinləri, millətləri, cəmiyyətləri təmsil edən insanların bir yerdə fəaliyyət göstərməsi həm onların, həm də cəmiyyətin ekstremizmdən uzaq olmasına yol açır. Biznesin də vəzifəsinin bunu təsdiq etmək olduğu vurğulanaraq qeyd edilib ki, biznes insanları bir araya gətirən amillərdən biridir.