Ozon təbəqəsi və onun qorunması bəşəriyyəti düşündürür
Bakı, 20 sentyabr (AZƏRTAC). Sentyabrın 20-də Bakıda “Yeni Arizona” şirkətinin təşkilatçılığı ilə mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Ozon təbəqəsi və onun qorunması bəşəriyyətin problemidir” adlı seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun professoru Müslüm Qurbanov “Ozon təbəqəsi və onun problemləri” mövzusunda məruzə etmişdir. Dünyanı narahat edən bu problemin aktuallığını diqqətə çatdıran professor ozon təbəqəsi, onun kimyəvi və mühafizə xassələri, fizioloji təsirləri, tərkib hissələri, təbiətdə yaranması, ozondağıdıcı maddələr haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ozon təbəqəsi Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların Yer səthinə çatmasına mane olur. Ancaq insanların təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı maddələrin miqdarı artmaqdadır. Bu isə nəticədə bizi əhatə edən flora və faunanın məhvinə, göz və xərçəng xəstəliklərinin artmasına gətirib çıxarır. Odur ki, bu problem bütün dünyanı düşündürür. Təxminən 1970-ci ildən başlayaraq Antarktika üzərindəki ozon təbəqəsinin azalmasını Yeni Zellandiyanın Milli Su və Atmosferin Tədqiqi İnstitutu müşahidə etmişdir. Bundan sonra 1982-ci ilin yanvar ayında BMT-nin Ətraf Mühit Proqramı “Ozon qatının qorunması haqqında Qlobal Konvensiya” layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini keçirmişdir. Konvensiya 1985-ci ilin mart ayında Vyana şəhərində qəbul edilmişdir. 1987-ci ilin sentyabrında isə Monreal şəhərində ozon təbəqəsini dağıdan maddələr haqqında tarixi protokol imzalanmışdır.
Ozon təbəqəsinin dağılması dinamikasından və dəliyin əmələgəlmə mexanizmlərindən danışan “Yeni Arizona” şirkətinin nümayəndəsi Hökmə Mahmudov havanın qütblərə doğru axını ilə əlaqədar bunun əsasən Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunduğunu bildirmişdir.
Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanovun məruzəsi dinlənilmişdir. Azərbaycan Respublikasında ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyası (1985) və Monreal Protokolunun (1987) ratifikasiya edilməsi haqqında Qanun qəbul edildiyini deyən natiq zavodlarda, yanğınsöndürmə idarələrində ozondağıdıcı maddələrin istifadədən çıxarılması üzrə layihələr həyata keçirildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, 2006-cı ildən ozondağıdıcı maddələrin Azərbaycana gətirilməsi qadağan olunmuşdur.
Çıxış edənlər bu problemin həlli üçün maarifləndirmə işləri aparılmasının vacibliyini və ozonqoruyucu texnologiyalara ehtiyac olduğunu vurğulamışlar.
Seminar mövzu ətrafında müzakirələrlə başa çatmışdır.