Padel tennis üzrə Bakı birinciliyinə yekun vurulub
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə padel tennis üzrə Bakı birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında ilk dəfə təşkil olunan yarışda həm kişi, həm qadın olmaqla, ümumilikdə 24 idmançı mübarizə aparıb. 3 gün davam edən turnirin sonuncu günündə final görüşləri keçirilib.
Kişilər arasında birinci yeri Yusif Rzayev və İlyas Həsənli, ikinci yeri Rəsul Qocayev və Qleb Pivovarov, 3-cü yeri isə Fərid Dadaşovla Elman Ələsgərov cütü tutub.
Qadın idmançıların mübarizəsində Yelizaveta Sokolova və Rima Kərimli birinci, Leyla Almisakova və Marison Qarsiya ikinci, Mehin Qocayeva və Zərif Süleymanova cütü üçüncü olub.
Sonda qaliblərə diplom və medallar təqdim olunub.