PAKİSTAN HƏMİŞƏ AZƏRBAYCANIN TƏRƏFİNDƏ OLACAQDIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Prezident Pərviz Müşərrəf Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlərin və apardığı danışıqlar barədə təəssüratını bölüşmüş, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi və müdafiə sahələrində əməkdaşlıq etdiyini vurğulamışdır.
General-polkovnik Səfər Əbiyev səmimi qəbul üçün Prezident Pərviz Müşərrəfə təşəkkür etmiş və demişdir ki, xalqlarımız qardaşdır və biz həmişə bir yerdəyik. Bu gün Azərbaycan xalqı üçün Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi birinci yerdədir. Ermənistan bu məsələdə tarixi saxtalaşdırır və dünya ictimaiyyətini aldadır. Biz hansı yolla olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edəcəyik.
Sonra general-polkovnik Səfər Əbiyev müdafiə sahəsində Azərbaycan-Pakistan əməkdaşlığına toxunaraq, Pakistanın ali hərbi məktəblərində təhsil almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə yaratdığı şəraitə görə Prezident Pərviz Müşərrəfə təşəkkür etmişdir. Nazir demişdir ki, bu əməkdaşlıq uğurla davam etdirilir və yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Pakistanda Azərbaycanın hərbi attaşesi təyin olunacaqdır.
Müdafiə naziri Səfər Əbiyev Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etdiyinə görə, Qərb dövlətlərinin ona xüsusi diqqət yetirdiyini vurğulamış və Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət barəsində Prezident Pərviz Müşərrəfə məlumat vermişdir. O demişdir: ”Azərbaycanın və Pakistanın oxşar Dağlıq Qarabağ və Kəşmir problemləri var. Azərbaycan Prezidenti İlham Əliyev Kəşmir məsələsində Pakistanı dəstəklədiyini açıq bəyan etmişdir”.
Görüşün sonunda Prezident Pərviz Müşərrəf demişdir: ”Mən Allaha minnətdaram ki, sizin iqtisadi bazanız var və Azərbaycan çiçəklənən bir məmləkətdir. Pakistan həmişə Azərbaycanın tərəfində olacaqdır. Biz sizin ehtiyaclarınıza bələdik, strateji və siyasi sahələrdə sizə yardım edəcəyik. Sizə uğurlar və qələbə arzulayıram. Biz qələbəni bir yerdə bayram edəcəyik”.