PAKİSTAN PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏF AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Pakistan Prezidenti Pərviz Müşərrəf ölkəmizə səfərə gəlməsindən məmnunluğunu ifadə edərək, iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlərin və apardığı müzakirələrin son dərəcə səmərəli və faydalı olduğunu bildirmiş, ikitərəfli münasibətlərə, habelə beynəlxalq və regional problemlərə dair fikir mübadiləsinin dövlətlərarası əməkdaşlığın gələcək inkişafına müsbət təsir göstərəcəyini vurğulamışdır.
Xarici işlər naziri E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı respublikamızın son dövrlərdə atdığı addımlar barədə Pakistan Prezidentinə ətraflı məlumat vermiş, Azərbaycan tərəfinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həllinə səy göstərdiyini bildirmişdir. Nazir Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq təşkilatlarda, BMT, İKT və digər qurumlarda Pakistan İslam Respublikası tərəfindən dəstəklənməsini yüksək qiymətləndirmiş, buna görə təşəkkürünü ifadə etmişdir.
Prezident Pərviz Müşərrəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevlə ətraflı fikir mübadiləsi aparıldığını qeyd edərək, Pakistanın Azərbaycanın ərazi bütövlüyünü, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunmasını BMT, İKT və digər beynəlxalq təşkilatlarda daim dəstəklədiyini və bunun gələcəkdə də davam etdiriləcəyini vurğulamış, işğal olunmuş Azərbaycan ərazilərindən zorla çıxarılmış bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qaytarılmasının zəruri olduğunu bildirmişdir.
Görüş zamanı Azərbaycan-Pakistan ikitərəfli əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Nazir E.Məmmədyarov ikitərəfli iqtisadi əlaqələrin dövlətlərarası siyasi münasibətlərin səviyyəsinə qaldırılmasının vacibliyini qeyd etmiş, iqtisadi əməkdaşlığın inkişafı üçün hər iki dövlətin böyük potensiala malik olduğunu vurğulamışdır.
Pakistan Prezidenti Pərviz Müşərrəf ölkəsinin Azərbaycanla neft-qaz sənayesi, yüngül sənaye, xüsusilə toxuculuq, habelə kənd təsərrüfatı sahələrində əməkdaşlıq etməyə hazır olduğunu bildirmiş, Azərbaycanın və Pakistanın müvafiq strukturlarının bu sahədə əməli addımlar atacağına əminliyini söyləmişdir.