Pakistan qəzetlərində Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı məqalələr dərc olunub
İslamabad, 18 oktyabr, AZƏRTAC
Pakistanın “National Herald Tribune” və “Daily Times” qəzetlərində müstəqilliyimizin 30-cu ildönümü ilə bağlı məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, materiallarda bu il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunduğu vurğulanır. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadığı və 1991-ci il oktyabrın 18-də müstəqilliyin bərpa edildiyi bildirir.
Müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını, Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistan tərəfindən torpaqlarının hərbi təcavüzünün davam etdiyi, digər tərəfdən isə ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyü, daxili sabitliyin pozulduğu, eləcə də Azərbaycan dövlətçiliyi üçün konkret təhdidlərin və risklərin olduğunu qeyd edən müəllif məhz həmin çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin ölkəyə qayıtdığını və 1993-cü ildə hakimiyyətə gəldiyini xatırladır.
Məqalələrdə Heydər Əliyevin ölkədəki xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığını, bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığı vurğulanır, Ulu Öndərin apardığı uzaqgörən siyasət nəticəsində respublikamızın müstəqilliyinin əbədi və sarsılmaz olduğu diqqətə çatdırılır.
Yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğu qeyd olunur, ölkəmizin bölgəyə sabitlik və təhlükəsizlik gətirmək üçün nəhəng layihələrə imza atdığı bəyan edilir. Həmçinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənubi Qafqaz Boru Kəməri kimi layihələr barədə məlumat verilir. Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin nəinki xalqın rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə xidmət etdiyi xüsusi vurğulanır. Azərbaycanın müasir nəqliyyat infrastrukturunu formalaşdıran nəqliyyat dəhlizlərinin yaradılmasında fəal rol oynadığı qeyd edilir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsinin təsadüf olmadığı bildirilir.
Eyni zamanda, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmlə əməkdaşlıq da daxil olmaqla, regional və qlobal səviyyədə fəaliyyətini genişləndirdiyi qeyd edilir, Azərbaycanın regionun lideri və beynəlxalq aləmdə etibarlı tərəfdaşı kimi tanındığı barədə oxuculara məlumat verilir.
Yazılarda bu il bu bayramın xüsusi qeyd olunduğu vurğulanır, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi azad etdiyi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdiyi diqqətə çatdırılır.
Müəllif, eyni zamanda, Qarabağın işğaldan azad olunmasından sonra Azərbaycanın o torpaqlarda apardığı bərpa-quruculuq işlərindən bəhs edir, regionda yeni reallığın yarandığını və bunun bölgə ölkələrinə iqtisadi fayda gətirəcəyini bildirir.
Məqalələrdə Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu da xatırladılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad