Pakistanda “Xocalı soyqırımı - humanizmin qaranlıq tərəfi” mövzusunda “dəyirmi masa” təşkil olunmuşdur
Bakı, 21 fevral (AZƏRTAC). Azərbaycan Pakistandakı səfirliyinin Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı keçirdiyi silsilə tədbirlər çərçivəsində fevralın 21-də bu ölkənin Sülh və Demokratiya İnstitutu tərəfindən “Baskin Chalet” fransız klubunda “Xocalı soyqırımı - humanizmin qaranlıq tərəfi” mövzusunda “dəyirmi masa” təşkil olunmuşdur.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, elmi müzakirə formatında təşkil olunmuş tədbirdə Sülh və Demokratiya İnstitutunun direktoru Asif Nur, Strateji Araşdırmalar Mərkəzinin mütəxəssisləri, tanınmış jurnalistlər, siyasi analitiklər, İslamabadda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
“Dəyirmi masa”da çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. Diplomat Xocalıda törədilmiş hadisələrin beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqırımı olduğunu bildirmişdir. D.Şikarov Pakistan da daxil olmaqla, bir neçə ölkənin və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdıqlarını vurğulamışdır.
Strateji Araşdırmalar Mərkəzinin professoru Aftab Qazi Xocalı soyqırımını işıqlandırmış beynəlxalq medianın və Memorial Fondunun tədqiqatlarından danışmışdır. Bildirilmişdir ki, müstəqil jurnalistlər və təşkilat tərəfindən hazırlanmış bu hesabatlar tamamilə qərəzsizdir. Natiq Xocalı hadisələrinin ən fəal iştirakçısı olan Ermənistanın prezidenti Serj Sarkisyandan sitat gətirərək bu soyqırımının Ermənistan tərəfindən məqsədli şəkildə edildiyini vurğulamışdır.
Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyini qeyd edən alim Sabah Aslam isə demişdir ki, bütün sülhsevər qüvvələr bu istiqamətdə birgə səylər göstərməlidirlər. O, Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya, ABŞ-ın altı ştatı və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanındığını bildirmiş, Pakistan Senatının qəbul etdiyi qətnamədən sitat gətirmişdir.
S.Aslam vurğulamışdır ki, ermənilərin bu vandallığının ifşa olunması humanizm və ədalət prinsiplərinin bərqərar olunmasına və gələcəkdə belə hadisələrin təkrar olunmamasına xidmət edəcəkdir. Alim, beynəlxalq ictimaiyyətin 1992-ci ildə baş vermiş Xocalı soyqırımına biganə qalması və cinayətkarların layiqli cəza almaması səbəbindən 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində müsəlmanlara qarşı növbəti dəhşətli qətliamın törədildiyini qeyd etmişdir.
Sülh və Demokratiya İnstitutunun direktoru Asif Nur Xocalı soyqırımının beynəlxalq cinayət adlandırılması üçün kifayət qədər hüquqi bazanın olduğunu vurğulamışdır. O, BMT Baş Məclisi tərəfindən 1951-ci ildə qəbul olunmuş “Soyqırımı cinayətinin qabağının alınması və cəzalandırılması konvensiyası”, “Nürnberq hərbi tribunalının qanunverici aktı”, “Keçmiş Yuqoslaviyaya dair beynəlxalq cinayət tribunalının qanunvericilik aktı”, ”Beynəlxalq cinayət məhkəməsinin qanunvericilik aktı” və digər sənədləri misal gətirmişdir. A.Nur Xocalı soyqırımını törədənləri tutduqları vəzifələrindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulamışdır.
Sonra mövzu ilə bağlı müzakirələr aparılmışdır.
Səfir D.Şikarov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.
Sonda iştirakçılara Xocalı soyqırımını əks etdirən filmlər, fotoalbomlar və “Diplomatik İnsight” jurnalı tərəfindən yeni nəşr edilmiş “Azərbaycan-Pakistan: dostluq və əməkdaşlığın 20 ili” kitabı paylanılmışdır.