Paris polisi təhlükəsizlik avadanlığı olmadan qülləyə dırmanan gənci saxladı
Paris, 22 may, AZƏRTAC
Parisdə qeyri-adi hadisə sakinlərin və turistlərin diqqətini cəlb edib. Bir nəfər heç bir təhlükəsizlik avadanlığından istifadə etmədən, əlləri ilə Montparnasse qülləsinə dırmaşarkən görüntülənib. Akrobat daha sonra polis tərəfindən saxlanılıb.
AZƏRTAC xəbər verir ki, 210 metr hündürlüyündəki Montparnasse qülləsinə çılpaq əllərlə qalxan şəxsi görən yoldan keçənlər heyrətlərini gizlədə bilməyiblər. Hadisəyə şahid olan yeniyetmələrdən biri “Bu, həqiqətən təsiredici idi” deyib. Digər bir şahid isə onun “30 dəqiqədən az müddətdə qülləyə qalxdığını” bildirib. Başqa bir gənc isə “Özündən çox əmin görünürdü, amma təhlükəsizlik kəndiri olmadığını biləndə daha qorxulu görünürdü” sözlərini işlədib.
Qüllənin zirvəsində saxlanılan şəxsin 26 yaşlı Aleksis Landot olduğu müəyyən edilib. O, şəhər binalarına dırmanması ilə tanınan urbanist alpinistdir. Landot öz uğurlarını videoya çəkərək sosial şəbəkələrdə paylaşır və bununla fəxr etdiyini gizlətmir. Cəmi dörd gün əvvəl o, Parisin yaxınlığındakı “La Défense” bölgəsində yerləşən “TotalEnergies” qülləsinə də dırmaşmışdı.
Aleksis Landot dörd il əvvəl verdiyi müsahibədə istifadə etdiyi xüsusi barmaq qoruyucularından danışmışdı. “Bu qoruyucular dırmanma zamanı barmaqlarımı qoruyur və vətərlərə düşən ağrını azaldır. Bu növ dırmanış çox təkrarlanan hərəkətlər tələb etdiyi üçün eyni vətərləri tez sıradan çıxarır”, - deyə o bildirmişdi.
Adrenalin həvəskarı olan Landot özünü “fransız Spiderman” kimi tanınan 63 yaşlı Alain Robertin davamçısı hesab edir. Lakin peşəkar alpinistlər belə bu cür qanunsuz dırmanmanın son dərəcə təhlükəli olduğunu vurğulayırlar.
Polis nəzarətinə götürülən Aleksis Landot “başqalarının həyatını təhlükəyə atmaq” ittihamı ilə 15 min avro cərimə və bir ilədək həbs cəzası ilə üzləşə bilər.