PARİSDƏ AFRİKA, ASİYA, OKEANİYA VƏ AMERİKA XALQLARININ MƏDƏNİYYƏT MUZEYİ AÇILMIŞDIR
Fransa Prezidenti özü dünya incəsənətinin bu bölməsinin böyük sərrafıdır. Onun şəxsi kolleksiyasında bu regionların xalqlarının yaradıcılığından nadir nümunələr saxlanılır. Muzey Şirakın ikinci prezidentliyi dövründən Parisə hədiyyəsidir. Özündən sonra monumental tikililər qoyub getmək adəti sabiq prezident Fransua Mitterandan qalmışdır. Onun təşəbbüsü ilə Luvrun baş vestibülünün üstündə şüşədən günbəz, Milli kitabxana və Parisin Defans məhəlləsində uca alaqapı tikilmişdir.
Əvvəlcə yeni muzeyi “İbtidai incəsənət” muzeyi adlandırmaq təklif olunurdu. Lakin bu termin həm mütəxəssislər, həm də məmurlar arasında mübahisə doğurmuşdur. Çoxları mədəniyyət sahəsində böyük işlər görəcək yeni muzeyin bu cür adlandırılmasını nəzakətsizlik hesab edirdi. Uzaq ölkələrin naməlum ustalarının şüşə altında saxlanılan bu şah əsərlərini “bəsit” adlandırmağa adamın dili də gəlmir. Odur ki, muzey yerinə görə Branli sahil küçəsindəki muzey adlandırıldı. Bu küçə Sena çayının sol sahilində, Eyfel qülləsinin yaxınlığındadır.
J.Şirakın sözlərinə görə, ideya ondan ibarətdir ki, uzun illər diqqət yetirilməyən və ya qəbul edilməyən incəsənətlər və sivilizasiyalar öz layiqli yerini tutsun, tez-tez rədd edilən, alçaldılan, bəzən təkəbbürün, savadsızlığın, səfehliyin qurbanı olan xalqlara qaytarılsın. Onun fikrincə, muzey yeni tipli elmi və mədəni təsisat, eyni zamanda, mədəni mərkəz, tədqiqat laboratoriyası və tədris auditoriyası funksiyalarını yerinə yetirəcəkdir.
Muzeyin fondlarında 300 min incəsənət nümunəsi saxlanılır.