PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ SANKT-PETERBURQDA
Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyanın növbəti iclasında və bu qurumla Avropa Şurası Parlament Assambleyasının birgə tədbirlərində iştirak etmək üçün martın 24-dən 29-dək Sankt-Peterburqda səfərdə olacaqdır.
Tədbirlərdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili İlham Əliyev, deputatlardan Əli Abbasov, Eldar Qəhrəmanov, Cəmil Həsənov, habelə parlamentin İşlər müdiri Əhməd Cəfərov, Aparatın Beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov iştirak edəcəklər.
Nümayəndə heyətinin üzvləri MDB Parlamentlərarası Assambleyanın Müdafiə və təhlükəsizlik, Sosial siyasət və insan hüquqları, Hüquq məsələləri, Siyasi məsələlər və Beynəlxalq əməkdaşlıq daimi komissiyalarında müzakirəyə çıxarılacaq sənədlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.
Səfər müddətində Milli Məclisin sədri Murtuz Ələsgərov Tavriya sarayında Cənubi Qafqaz ölkələri və Rusiya Federasiyası parlamentləri spikerlərinin görüşündə iştirak edəcəkdir. Görüşdə Qafqazda vəziyyət, regional münaqişələrin həlli yolları barədə geniş fikir mübadiləsi aparılacaqdır.
Bu tədbirlərlə yanaşı Avropa Şurası Parlament Assambleyası burada MDB Parlamentlərarası Assambleyası ilə birlikdə beynəlxalq terrorizmə qarşı mübarizəyə həsr olunmuş xüsusi forum keçirəcəkdir. Respublikamızın terrorizmə qarşı mübarizədə tutduğu prinsipial mövqe Forum iştirakçılarının nəzərinə çatdırılacaqdır.
Səfər zamanı Milli Məclis sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də nəzərdə tutulmuşdur.