SİYASƏT
PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyası Siyasi məsələlər komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 20-dən 24-dək Budapeştdə səfərdə olacaqdır.
Komitənin iclasında təşkilata üzv ölkələrdə demokratiyanın inkişafı barədə fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin deputatları Nairə Şahtaxtinskaya, Bəxtiyar Əliyev və Asim Mollazadə qurumun Monitorinq komitəsinin burada keçiriləcək iclasında iştirak edəcəklər.
Tədbirdə Türkiyə, Gürcüstan üzrə məruzəçilərin təyin edilməsi, Rusiyada, Ukraynada monitorinq prosesinin gedişi və sair məsələlər müzakirə olunacaqdır.
X X X
Milli Məclisin deputatları Eldar Qəhrəmanov və Fəzail Ağamalı MDB Parlamentlərarası Assambleyanın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün oktyabrın 21-dən 25-dək Sankt-Peterburqda səfərdə olacaqlar.
Qurumun Sosial siyasət və insan hüquqları komissiyasının gündəliyinə qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi, əhalinin sosial müdafiəsi və miqrasiya məsələləri daxil edilmişdir.
Dövlət quruculuğu və yerli idarəçilik təcrübəsinin öyrənilməsi komissiyasında isə “Yerli özünüidarə orqanlarına bir sıra dövlət səlahiyyətlərinin verilməsinin ümumi prinsipləri haqqında” model qanun layihəsi, sərhədyanı əməkdaşlıq, təşkilata üzv ölkələrin parlamentlərində qanun yaradıcılığı işi müzakirə olunacaqdır.
Milli Məclisin
Mətbuat xidməti