Pediatr: Uşaqlarda 37-37.5° hərarəti dərmanlarla salmağa ehtiyac yoxdur
Bakı, 12 aprel, AZƏRTAC
İnsanlar mikroblarla mübarizə aparmaq üçün immunitet sistemini yüksəltməyə çalışırlar. Viruslara qarşı immun hüceyrələrinin formalaşması ən çox uşaq yaşlarında olur.
AZƏRTAC xəbər verir ki, bunu pediatr Xanım Əhmədova deyib. Onun sözlərinə görə, son günlər dəyişkən hava şəraiti ilə bağlı uşaqlar arasında yayılan yuxarı tənəffüs yolları virus infeksiyaları zamanı analar bir çox yanlışlıqlara yol verir. Pediatr həmin yanlışlıqların təbii yolla immunitetin güclənməsinə mane olduğunu, xəstəliyin sağalma dövrünü uzatdığını deyib: “Belə hallarda əgər yüksək hərarət varsa, düzgün idarə olunmalıdır. Uşaqlarda 37-37.5° hərarəti dərmanlarla salmağa çalışmaq olmaz. Əslində imkan vermək lazımdır ki, orqanizm virusla mübarizə aparsın. Yalnız hərarət 38-38.5°-ə yüksəldiyi zaman müdaxilə etmək olar. Həkim göstərişi olmadığı halda antibiotik müalicəsinə başlamaq düzgün deyil. Antibiotik mütəxəssis məsləhəti ilə istifadə olan bilər. Uşağı iştahası olmadığı halda məcburi yedizdirməyə çalışmayın. Bu kimi hallarda bol vitaminli toyuq şorbası və meyvə-tərəvəzlə qidalandırmaq daha məqsədəuyğundur. Eyni zamanda, uşağın olduğu otağın havasını tez-tez dəyişmək, burun tənəffüsünün rahat olmasını təmin etmək lazımdır. Əgər hərarət 3 gündən artıq davam edirsə, pediatr baxışı məsləhətdir”.