DÜNYA
Pekində soyuq hava səbəbindən orta məktəblərdə dərslər dayandırılıb VİDEO
Pekin, 13 dekabr, AZƏRTAC
Çinin şimal və mərkəzi hissəsində bir neçə gündür davam edən anomal soyuq hava həyatı iflic edib.
AZƏRTAC xəbər verir ki, Pekin meriyası dekabrın 13-dən paytaxtın orta məktəblərində dərslərin qeyri-müəyyən müddətə dayandırılmasına, uşaq bağçalarının bağlanmasına qərar verib. Dərslərin distant formada təşkilinə qərar verilib.
Meteoroloqlar qarşıdakı günlərdə də havaların kəskin soyuq keçəcəyini, qar çovğunu olacağını, havanın temperaturunun - 20 dərəcəyə düşəcəyini proqnozlaşdırıb. Paytaxtda cari mövsümün ən şaxtalı dövrü ilə əlaqədar Pekində “narıncı” xəbərdarlıq elan edilib.
Şəhərin müvafiq qurumlarına kəskin soyuğun və qar çovğununun törədə biləcəyi fəsadlara hazır olmaq barədə göstəriş verilib, əhaliyə xəbərdarlıq edilib. Açıq və dağlıq ərazilərdəki turizm məkanları müvəqqəti bağlanıb. Yolların buz bağlaması ilə əlaqədar qəza ehtimalının çoxalması səbəbindən xüsusi plan hazırlanıb, xeyli texnika cəlb olunub.
Qeyd edək ki, dekabrın 10-də axşam saatlardan etibarən Çinin şimal hissəsində hava kəskin soyuyub, güclü qar nəqliyyatın işində ciddi problemlərə səbəb olub. Yolların buz bağlaması səbəbindən 12 əyalətdə 95 magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bəzi vilayətlərdə qatarların hərəkəti qismən dayandırılıb, paytaxt da daxil olmaqla bir neçə şəhərin hava limanlarında uçuşlara fasilə verilib.
Çinin şimal-şərqindəki Heyloncian vilayətinin Dasinanlin şəhərində havanın temperaturu -41,4 dərəcəyə enib. Bu Çin ərazisində cari payız-qış sezonunda qeydə alınan ən aşağı göstəricidir.
Meteoroloqlar Çinin şimal hissəsində, habelə Sarı və Huay çayları hövzəsində anomal soyuq havanın dekabrın 16-dək davam edəcəyini proqnozlaşdırıb. Havanın temperaturu normadan 10-14 dərəcə aşağı düşəcək, bəzi yerlərdə tarixi rekord soyuq qeydə alınacaq. Bu səbəbdən fövqəladə hazırlıq səviyyəsi 2-ci pilləyə yüksəldilib. Çinin cənubundakı bəzi vilayətlərdə də havanın temperaturu normadan aşağı düşəcək. Milli Meteorologiya Mərkəzi həmin bölgələrdə əkin sahələrinin və balıqçılıq fermalarının gözlənilən hava şəraitinə hazır olmalarını tövsiyə edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin