Penitensiar Xidmətin şəxsi heyəti “Hər kağızı bir yarpağa dəyişək” layihəsində fəal iştirak etmişdir
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin struktur qurumları ilə birgə Penitensiar Xidmətin şəxsi heyəti də İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “Təmiz Şəhər” ASC-nin birgə həyata keçirdikləri “Hər kağızı bir yarpağa dəyişək” layihəsində fəal iştirak etmişlər.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində həyata keçirilən tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsi və bütün tabe qurumların əməkdaşları xüsusi fəallıq və mütəşəkkillik nümayiş etdirərək istifadə olunmuş 6170 kiloqram kağız tullantıları toplamışlar. Kağız tullantıları qablaşdırılaraq fevralın 13-də Bakı şəhərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış məntəqələrə təhvil verilmişdir.