“Pəri xanımın sehrli xalçaları” adlı nağıl kitabının və eyniadlı animasiya filminin təqdimatı olub
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Xalça Muzeyi və “Şərq-Qərb” nəşriyyatının birgə layihəsi olan “Pəri xanımın sehrli xalçaları” adlı nağıl kitabının və eyniadlı animasiya filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova və muzeyin Uşaq şöbəsinin müdiri Təranə Əliyeva çıxışlarında nəşrin, həmçinin animasiya filminin əsas qayəsinin uşaqları Azərbaycan xalçalarının gözəlliyi, rəngarəngliyi və zəngin koloriti ilə tanış etmək, milli mədəni irsimizi onlara sevdirmək, ənənələri qorumağın vacibliyini diqqətə çatdırmaq olduğunu bildiriblər.
Qeyd edək ki, Leyla Leysanın müəllifi olduğu nağıl Azərbaycan və rus dillərində işıq üzü görüb.