Pirallahı rayonunda mərkəzi küçədə növbəti ağacəkmə aksiyası keçirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Ətraf mühitin mühafizəsi, sağlam təbii mühit yaradılması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Pirallahı rayonunda da ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılır.
AZƏRTAC xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində növbəti kampaniya keçirilib.
Ötən həftə keçirilən iməciliyin davamı olaraq qəsəbənin Süleyman Bağırov küçəsində və “Gənclər” parkında 200-dən çox ağac və gül kolu əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.