Pirallahıda ətraf mühitin və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görülür
Bakı, 14 noyabr, AZƏRTAC
Pirallahı rayonunda ekoloji durumun yaxşılaşdırılmasına dair tədbirlərın həyata keçirilməsinə start verilib. Qısa müddət ərzində uzun illər baxımsızlıq və antisanitar vəziyyətdən əziyyət çəkən qəsəbənin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət alib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, neft və neft məhsulları ilə çirklənmiş ərazilərdə kompleks addımlar atılır. Rayonda neft-qaz əməliyyatları aparılmış bütün yataqların ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə lay sularının axıdılması nəticəsində tarixən yaranmış çirkli göllər və gölməçələr təmizlənərək qurudulur, lay sularının həmin ərazilərə axıdılmasının qarşısı tamamilə alınır. Bundan əlavə neft mədənləri ərazisində geniş yayılmış sənaye-məişət tullantıları ləğv edilir, Xəzər dənizi batmış və yarımbatmış gəmilərdən, sıradan çıxmış estakadalardan və digər iri qabaritli metal tullantılardan təmizlənir, Xəzər dənizində və sahil zolağında yerləşən neft mədənlərində quyu, boru axıntı və sızmaların qarşısı alınır, istismarı qeyri-məqbul qiymətləndirilən neft quyuları ləğv edilir.
Paytaxt üçün ekoloji balansın təmin edilməsində Xəzər dənizinin ayrıca rolu var. Xəzər dənizinin çirklənmədən qorunması, orada yaşayan canlıların, xüsusən nərə balığı kimi dünyanın ən nadir balıq növlərindən birinin məhv olmaqdan xilas edilməsi istiqamətində birtərəfli qaydada irihəcmli investisiyalar sərf edilir, zəruri infrastruktur yaradılır. Həmin fəaliyyət son bir neçə il ərzində geniş miqyas alıb. Görülən tədbirlər Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına xidmət edir və müsbət nəticələr verir. Pirallahı rayonunda da dəniz akvatoriyasının müayinəsi üçün “CSD-500” torpaqsoran qurğu ayrılib və bu sahədə işlər davam etdirilir. Qeyd edək ki, Niderland Krallığının “Damen” şirkətinin istehsal etdiyi “CSD-500” torpaqsoran qurğular su səthindən 14 metr dərinliyə qədər məsafədə dibdərinləşdirmə işlərini yerinə yetirir. Həmin qurğular əsasən lil, qum və bərk süxurları soraraq boru kəməri ilə uzaq məsafələrə vurulmasını təmin edir.
Rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələrində rayon yaranandan indiyədək 300 mindən çox müxtəlif ağac tingləri əkilib və yaşıllaşdırma işləri davam etdirilir.