Politoloq: 1990-cı illərdən başlayaraq Azərbaycan türk dövlətlərinin inteqrasiyasında xüsusi rol oynayır
Bakı, 12 noyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dünəndən başlayan və bu gün də davam edən tədbiri olduqca vacib və önəmlidir. Həmin şurada yeni formatın imzası qoyulur. Belə ki, şura üzvləri bu zamana qədər türkdilli dövlətlər adlanırdısa, bundan sonra türk dövlətləri adlanacaq. Bu, tarixi reallığa daha uyğun, qətiyyətli addım kimi başa düşülməlidir. Türk dövlətlərinin keçdiyi yol təbii ki, keşməkeşli olub. Uzun müddət idi ki, bəzi qüvvələr türk dövlətləri arasında nifaq salmağa çalışırdılar. İslam dininin bu ərazilərdə yayılması türk soykökü məsələsinin bir qədər gündəmdən kənarlaşması ilə nəticələndi. Eyni zamanda, orta əsrlərdə müxtəlif imperiyalar türkdilli dövlətləri işğal etməyə, özlərindən asılı hala salmağa çalışırdılar. Son illər aparılan siyasət, - burada Azərbaycan və Türkiyəni xüsusilə vurğulamaq lazımdır, - türk dövlətlərində milli identikliyi və milli soykökü məsələlərinə vurğunu ön plana çıxartdı. Həmçinin Türkiyənin Mərkəzi Asiya ölkələri ilə apardığı siyasi, iqtisadi, mədəni əməkdaşlıq həmin ölkələrin də belə çox vacib və prinsipial qərarı vermələrinə gətirib çıxardı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov söyləyib.
Politoloqun sözlərinə görə, 1990-cı illərdən başlayaraq Azərbaycan türk dövlətlərinin inteqrasiyasında xüsusi rol oynayır: “Buna baxmayaraq, heç də inkar etməyək və unutmayaq ki, Mərkəzi Asiyanın bəzi dövlətləri və oradakı müxtəlif qruplar elə Qarabağ məsələsi ətrafında çox zaman bitərəf mövqe nümayiş etdirir, yaxud hadisələri susqunluqla qarşılayırdılar. Lakin, son zamanlar baş verənlər onu göstərir ki, onlar bu məsələlərdə daha qətiyyətlidirlər. Türk xalqları tarixində təbii ki, 2020-2021-ci illər bu kimi əhəmiyyətli və tarixi hadisələrə görə yadda qalacaq. Bu gün Türk Dövlətləri məhz MDB məkanında və yaxud İslam çərçivəsində olan müxtəlif formatlı təşkilatlardan ideoloji istiqamətlərdən daha çox öz soykökünə köklənərək, türkçülük ətrafında birləşərək yeni siyasi, iqtisadi, mədəni bir platforma yaratmağı bacardılar. Hər bir xalq üçün vacibdir ki, milli identiklik, soykökünə, keçmişə bağlılıq davamlı şəkildə olsun. Unutmamalıyıq ki, dünyada güc sahibi olan və türk dövlətləri arasında nifaq salmaq, onları dünyaya barbar kimi tanıtmaq üçün əllərindən gələni edən bəzi qruplar əlbəttə ki, bu təşkilatlanma, birlik qarşısında gücsüzdülər. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yeni bir mərhələnin əsası qoyurlar. Onu da unutmayaq ki, artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatı adlandırılacaq.