Politoloq: Azərbaycan-Almaniya münasibətləri qlobal gündəliyin mühüm istiqamətlərini əhatə edir
Bakı, 23 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Prezident Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirilən görüşlərdə enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, Orta dəhliz, Cənubi Qafqazda sülh prosesi, Azərbaycan–Avropa İttifaqı əlaqələri və qlobal təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olub. "Bu görüşlər göstərdi ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər artıq yalnız ikitərəfli gündəliklə məhdudlaşmır, qlobal və beynəlxalq gündəliyin mühüm istiqamətlərini də əhatə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, səfərin ən mühüm nəticələrindən biri "İkitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması olub. Səfərin Almaniya və digər Avropa media qurumlarında geniş işıqlandırılması Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi əhəmiyyətinin artmasının göstəricisidir. Bu fakt bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində orta güc kimi qəbul olunur və geosiyasi, eləcə də geoiqtisadi baxımdan mühüm aktora çevrilib. İmzalanan sənədlər Azərbaycan–Almaniya əməkdaşlığının yalnız enerji sahəsi ilə məhdudlaşmadığını göstərir. Bu sənədlər sübut edir ki, tərəflər enerji ilə yanaşı, siyasi dialoq, iqtisadi əməkdaşlıq və qlobal məsələlər üzrə də uzunmüddətli tərəfdaşlıq niyyətindədirlər", – deyə Elşad Həsənov bildirib.
O diqqətə çatdırıb ki, Federal Kansler Fridrix Merts Almaniyanın enerji təchizatını daha da şaxələndirmək niyyətində olduğunu bildirib və bu baxımdan Azərbaycanın etibarlı tərəfdaş kimi xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun bərpaolunan enerji, hidrogen və uzunmüddətli enerji əməkdaşlığı ilə bağlı fikirləri göstərir ki, tərəflər münasibətləri yalnız qaz tədarükü ilə məhdudlaşdırmaq niyyətində deyillər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu davamlı şəkildə inkişaf etdirir. Ölkənin Orta Dəhlizdə artan rolu Avropa ilə Mərkəzi Asiya arasında etibarlı körpü funksiyasını daha da gücləndirəcək.
Politoloq bildirib ki, son aylarda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfərləri fonunda Almaniya ilə keçirilən yüksəksəviyyəli görüşlər Azərbaycan–Avropa İttifaqı dialoqunun yeni mərhələyə daxil olduğunu göstərir. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyini nəzərə alsaq, bu münasibətlərin inkişafı bütövlükdə Azərbaycan–Avropa İttifaqı əməkdaşlığına da mühüm töhfə verəcək. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Bakı ilə Berlin arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi.
“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı əldə olunan nəticələr, xüsusilə strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması, enerji sahəsində uzunmüddətli əməkdaşlığın genişləndirilməsi, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və Orta Dəhliz üzrə tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, nəqliyyat-logistika sistemində və Cənubi Qafqazda sülh gündəliyinin formalaşmasında rolunu daha da artıracaq. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun, geosiyasi çəkisinin və strateji əhəmiyyətinin daha da yüksəlməsinə xidmət edəcək", – deyə politoloq əlavə edib.
Müxbir - Səbinə Əlizadə