SİYASƏT
Politoloq: Azərbaycan Prezidentinin siyasətinin xalq tərəfindən dəstəklənməsini şərtləndirən əsas amil görülən işlərdir
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda keçən il ölkəmizin bütövlükdə uğurla inkişaf etdiyini söylədi. Dövlətimizin başçısı Azərbaycanın inkişaf, sabitlik yolu ilə getdiyini və bu sabitliyin xalqın iradəsi ilə təmin edildiyini bildirdi. Bu gün dövlətimizin başçısının apardığı siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasətin təməlində konkret işlər, real inkişaf, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən Azərbaycan hakimiyyətinə göstərilən etimad yüksək səviyyədədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Fuad Babayev bildirib.
Politoloq deyib ki, möhkəm təməl üzərində bərqərar olan sabitliyin davamlılıq əmsalı da böyük olur. Məhz bu sabitlik keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulmasını şərtləndirən əsas amillərdəndir.
F.Babayev qeyd edib ki, Azərbaycan Prezidenti 16 il ərzində görülmüş işlərdən danışaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsini tarixi qələbə kimi səciyyələndirdi. Prezident bu yolun böyük gəlir gətirməklə yanaşı, həm də beynəlxalq əməkdaşlığı genişləndirdiyini vurğuladı. İndi bu yolla onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir.
Dövlət başçısı Dünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsinin ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirdiyini vurğuladı. Prezident Azərbaycanın dördüncü Sənaye İnqilabında lider olmasının labüdlüyünü qeyd etdi.
“Beləliklə, görülən işlər Azərbaycan əhalisində ölkəmizin işıqlı gələcəyinə inamı daha da möhkəmləndirir”, - deyə Fuad Babayev əlavə edib.