Polşanın işgüzar dairələri hökumətdən miqrasiya siyasətini yumşaltmağı xahiş edirlər
Bakı, 9 avqust, AZƏRTAC
Polşanın işgüzar dairələri “qanuni və davamlı əmək immiqrasiyasına əlverişli yanaşma” xahişi ilə hökumətə müraciət ediblər.
AZƏRTAC Polşanın gündəlik “Rzeczpospolita” qəzetinə istinadla xəbər verir ki, sahibkarlar xatırladırlar ki, ölkədə işsizlik səviyyəsinin aşağı (5 faiz) olması və iqtisadiyyatda işləyənlərin rekord sayına (17 milyondan çox insan) baxmayaraq, şirkətlər getdikcə daha çox işçi qıtlığı yaşayır. Ən azı demoqrafik səbəblərə görə onlara daha da çox ehtiyac duyulacaq.
“Söhbətin Polşa İqtisadiyyat İnstitutunun məlumatına görə, təxminən 150 min mütəxəssis çatışmazlığı olan İT sektorundan və ya 150 minə yaxın peşəkar sürücü axtaran nəqliyyat sənayesindən getməsindən asılı olmayaraq, məhkəmə sistemi, sənaye, istehsalat, tikinti sənayesi və HoReCa (mehmanxana və restoran biznesi) kimi sektorlar da çatışmazlıq yaşayır”, - deyə işəgötürənlər yazıblar. Bu sahələrdə işçi qüvvəsi çatışmazlığı həm təhlükəsizliyi təmin edən, həm də iqtisadi inkişafı dəstəkləyən qanuni əmək immiqrasiyasını tələb edir. Konsulluqlardakı sonsuz bürokratiya və uzun növbələr Polşa işəgötürənlərində qəzəbə səbəb olub.
Polşanın Baş Statistika İdarəsinin proqnozlarına görə, 2060-cı ilə qədər bu ölkədə əmək qabiliyyətli qadın və kişilərin sayı 7 milyon azalacaq.