Poltavada Xocalı faciəsinə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 3 mart (AZƏRTAC). Poltava İqtisadiyyat və Ticarət Universitetinin Azərbaycan Mədəni-Təhsil Mərkəzində Xocalı faciəsinə həsr edilmiş tədbir keçirilmişdir.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə universitetin əcnəbi tələbələrlə iş üzrə fakültəsinin dekanı Yuri Dzekun, dekanlığın əməkdaşları, universitetdə təhsil alan əcnəbi tələbələr iştirak etmişlər.
Tədbir iştirakçıları Xocalı faciəsi zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərkəzin direktoru Yaşar Alxasov 20 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində baş vermiş faciə barədə məlumatla çıxış etmişdir. O qeyd etmişdir ki, hər bir xalqın tarixində heç vaxt unudulmayan, yaddaşlarda əbədi qalan faciəli səhifələr vardır.
Y.Alxasov demişdir: “Ukrayna xalqının tarixində aclıq faciəli səhifədir. 1932-1933-cü illərdə keçmiş sovet rəhbərliyinin cinayətkar siyasəti nəticəsində milyonlarla adam həlak olmuşdur. Azərbaycan da öz xalqına qarşı cinayətlə üzləşmişdir. 1992-ci il fevralın 26-da keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəklədiyi Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini məhv etmişdir. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan 613 nəfər öldürülmüş, iki minə yaxın adam yaralanmış, çoxları itkin düşmüşdür”.
Mərkəzin direktoru qeyd etmişdir ki, bu faciə Azərbaycan xalqına yönəlmiş qeyri-insani etnik təmizləmə və soyqırımı aktıdır. Belə hadisələr insanları sülh naminə öz qüvvələrini birləşdirməyə sövq etməlidir.