“Porsche” komandası “6 saat Meksika” yarışının qalibi olub
Bakı, 6 sentyabr, AZƏRTAC
Meksikada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) dünya dözümlülük çempionatının növbəti - 6-cı mərhələsi keçirilib.
Azərbaycan Avtomobil Federasiyasından AZƏRTAC-a bildirilib ki, “6 saat Meksika” yarışında ilk iki yeri “Porsche” komandasının təmsilçiləri tutublar. Heyəti Timo Bernhard, Erl Bamber və Brendon Hartlidən ibarət kollektiv finiş xəttinə birinci çatmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Porsche”nin digər təmsilçiləri Nil Yani, Andre Lotterer və Nik Tendi triosu isə ikinci yerlə kifayətlənib. İlk üçlüyü “Toyota Gazoo Racing” komandasının təmsilçiləri olan Sebastyen Buemi, Entoni Devidson və Kazuki Nakadzima qapayıblar.
İştirakçılar sentyabrın 16-da keçiriləcək növbəti - 7-ci mərhələdə Amerika Birləşmiş Ştatlarında yarışacaqlar.