PRADO MUZEYİNİN SÜRPRİZLƏRİ
Muzeyin direktoru Migel Suqasa mətbuat konfransında bildirmişdir ki, ekspertlər uzun araşdırmalar nəticəsində muzeyin ehtiyat fondunda saxlanılan və İntibah dövrünün naməlum rəssamına aid edilən rəsmlərin Mikelanceloya məxsus olduğunu müəyyənləşdirmişlər.
Qoyyanın məşhur “Qrafinya de Çinçon” tablosunun üzərində əvvəlcə daha iki rəsmin çəkildiyini, - bu, xüsusi aparatların köməyi ilə sezilir, - müəyyənləşdirmək mümkün olmuşdur.
İspaniya kolleksiyaçısı Pedro Fernandos Duranın 1930-cu ildə Pradoya bağışladığı rəsmlərin Mikelanceloya məxsusluğunu ingilis sənətşünasları Nikolas Turner və Pol Coannidis müəyyən etmişlər. Onlar aydınlaşdırmışlar ki, qrafik qaralamalar seriyasından iki rəsm Mikelancelonun Sikst kapellası freskarlarından olan məşhur “Məşhər günü” monumental freskasının eskizləridir. Bu eskizlərin ayrı-ayrı fraqmentlərinin “Məşhər günü”ndə tam təcəssümünü tapması həmin versiyanı bir daha təsdiqləyir.
Qoyyanın “Qrafinya de Çinçon” əsəri Prado muzeyinə 2000-ci ildə şəxsi kolleksiyadan 24 milyon avroya alınmışdır. Muzeyin təcrübəli eksperti xanım Karmen Karrido müəyyən etmişdir ki, qrafinyanın təsvir olunduğu kətanın üzərində Qoyya əvvəlcə markiz de Vilyafrankın, onun üstündən isə tanınmış siyasətçi, qrafinya de Çinçonun əri Manuel Qodoyun portretlərini çəkmişdir.
Pradonun direktoru Suqasa bu tapıntılara həsr olunmuş mətbuat konfransında demişdir ki, “muzey, əsasən, böyük sənətkarların əsərlərinin nümayiş etdirilməsi ilə məşğul olur. Lakin onun əməkdaşları muzeyin ehtiyat fondunda saxlanılan çoxsaylı əsərlərin tədqiqinə də böyük diqqət yetirirlər. Görünür, bu, hələ, çox sürprizlər bəxş edə bilər”.