Praqada atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb VİDEO
Praqa, 21 dekabr, AZƏRTAC
Yan Palax meydanındakı Karl Universitetində baş verən atışma nəticəsində ölənlərin və yaralanların sayı artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, atəş açanın adı David Kozakdır. İlkin məlumata əsasən, o, üç nəfəri güllələyib, iyirmi nəfəri isə yaralayıb.
D.Kozak, Karl Universitetinin fəlsəfə fakültəsinin dördüncü mərtəbəsində atəş açmağa başlayıb. Bəzi tələbələr güllədən yayınmaq üçün pəncərədən kənara atılaraq, karnizlərə çıxıblar. Qızlardan biri müvazinətini saxlaya bilməyib və yerə yıxılıb. O, hücumun dördüncü qurbanı sayılır.
İlkin məlumata əsasən, hadisə yerinə onlarla polis maşınının gəldiyini görən D.Kozak özünü güllələyib.
Xarici KİV-in yaydığı ən son məlumata görə isə, ölənlərin sayı 15-ə çatıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa