PREZİDENT HÜQUQ VƏ AZADLIQLARIMIZIN TƏMİNATÇISIDIR
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
(5-ci Ümumdünya Rus Mətbuatı Konqresinin
iştirakçılarına təbrikindən
Bakı, sentyabr 2003-cü il).
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
(Moskva, 2004-cü il).
Əslində, bu sitatlar hər şeyi ifadə edir, yəni Azərbaycanda rus dilinin əhəmiyyəti ən yüksək səviyyədə bəyan edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, ölkəmizdə rus dilinə münasibət çox müsbətdir və bu dildə təhsil almaq istəyənlər üçün heç bir məhdudiyyət yoxdur. Bizdə tədrisin rus dilində aparıldığı məktəblər çoxdur, dövlət ali məktəblərinin, demək olar ki, hamısında rus bölməsi vardır, Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Azərbaycanda rus dilində külli miqdarda mətbu nəşrlər çıxır və heç kəs onları bağlamaq fikrində deyildir...
Bəs ölkənin ictimai həyatında çaşqınlıq yaranmasına səbəb nədir? Nəyə görə son vaxtlar kütləvi informasiya vasitələrində dərc edilən müxtəlif məqalələrdə yersiz suallar səslənir, bəzi şərhçilər isə bu sualları daha da qabardaraq, “Rus dili üzərinə səlib yürüşü”, “Cəmiyyətdə parçalanma”, “Rusdilli əhalinin hüquqlarının pozulması” barədə narahatçılıq bildirirlər. Allahdan qorxun! Məgər Azərbaycanda rus dilinin işlədilməsini kimsə qadağan edib? Məgər ölkəmizdəki rus məktəbləri və ya ali məktəblərin rus bölmələri bağlanıb? Məgər Azərbaycanda rus dilində nəşr edilən qəzetlər və jurnallar daha çıxmır?
Biz demokratik cəmiyyət qururuq. Belə cəmiyyətdə hər kəs öz fikrini sərbəst ifadə etmək hüququna malikdir və bu fikir ictimaiyyət tərəfindən müzakirə edilə bilər. İndiki halda isə, görünür, biri haradasa öz şəxsi fikrini əsas götürərək yersiz ifadə işlətmiş, hansısa bir məmur guya Azərbaycan dilinin təəssübkeşi kimi canfəşanlıq edib güzəştə getməmiş, bir başqası da, necə deyərlər, milçəyi filə döndərərək, əslində, heç kəsin atmağa hazırlaşmadığı addımların nəticələri barədə qorxunc fikirlər yaymağa başlamışdır.
O başqa məsələdir ki, bu və ya digər hakimiyyət səlahiyyətlərinə malik olan şəxs öz subyektiv fikrini açıq və kəskin şəkildə söyləməməlidir və bunu etməyə onun haqqı yoxdur, çünki əhali həmin şəxsin dediklərini rəsmi rəy kimi qəbul edir, bu isə ictimai fikirdə çaşqınlıq və lazımsız gərginlik yarada bilər. Hər halda, insanın cəmiyyətdə tutduğu mövqeyi onun öz subyektiv fikrini söyləyərkən ehtiyatlı olmasını tələb edir.
Bununla əlaqədar millət vəkili Qənirə Paşayevanın sözləri ilə razılaşmamaq mümkün deyil. O demişdir: “Dünyada rusdilli məkan çox genişdir və bunu başa düşməyən adamlara mənim yazığım gəlir. Məgər Azərbaycan hüdudlarından kənarda ölkəmiz haqqında Azərbaycan dilində yazılmış məlumatı başa düşmək üçün tərcüməçi tutacaqlar? İnformasiya müharibəsini lazımi səviyyədə aparmaq üçün bizdə keyfiyyətli rusdilli qəzetlərin və saytların sayı daha da artırılmalıdır”.
Millət vəkili belə hesab edir ki, ingilis, fransız və ərəb dillərində də informasiya saytları yaradılmalıdır, “Azərbaycanın işğal edilmiş ərazilərindəki erməni əhalisinə həqiqəti çatdırmaq üçün, ola bilsin ki, ermənidilli agentlik və radio yaradılması barədə də düşünmək lazımdır”.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın fikrincə, Azərbaycanda rus dilinin zəruriliyi barədə heç kəs mübahisə etməyə hazırlaşmır. Ən azı ona görə ki, biz dünya mədəniyyətinə ənənəvi olaraq məhz rus dili vasitəsilə çıxırıq, çünki dünya ədəbiyyatının yalnız çox cüzi hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Bu sərvətlər olmasaydı, biz planetimizdə baş verən mədəni proseslərdən təcrid edilmiş bir xalqa çevrilərdik.
Bu məsələ ətrafında müzakirələrin ən qızğın çağında Azərbaycan Prezidenti İlham Əliyev Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması barədə Sərəncam imzalamaqla, necə deyərlər, hər şeyi yerbəyer etmişdir. Bununla Prezident bir daha vurğulamışdır ki, rus dili Azərbaycan cəmiyyətinin həyatında böyük əhəmiyyət kəsb edir, onun üzvi tərkib hissəsidir.
RF təhsil və elm naziri Andrey Fursenkonun dediyinə görə, Rusiyada distansion təhsil üçün elektron təhsil resurslarının toplandığı məlumat bankı yaradılır və indi Azərbaycanda təhsil alanlar da həmin resurslardan istifadə edə biləcəklər. Bu, rus dilinin tədrisini daha yüksək səviyyəyə çatdıracaqdır. Əvvəlcə təxminən 5 fakültəsi olacaq həmin filialda MDU-nun proqramları əsasında təbiət elmləri tədris ediləcəkdir.