Prezident İlham Əliyevin qayğısı sayəsində Gəncə füsunkar şəhərə çevrilir
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycanın müasir tarixində yeni səhifələr açan dinamik inkişaf, sabitlik, dayanıqlı iqtisadiyyat, ciddi islahatlar illər ötdükcə bir-birini əvəz edir. Prezident İlham Əliyevin milli maraqlara söykənən praqmatik siyasətinin fövqündə əldə olunan iqtisadi dividendlərin əhalinin güzəranının, maddi-rifah halının yüksəldilməsinə yönəldilməsi Azərbaycanı sürətlə inkişaf edən, dünyanın nüfuzlu ölkələrindən birinə çevirib.
Bunu AZƏRTAC-a açıqlamasında Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə bildirib. Prorektor qeyd edib ki, məhz dövlətimizin başçısının konkret hədəflərə hesablanan siyasətinin nəticəsində paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün bölgələrində həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm də infrastruktur layihələri icra edilir. Aparılan genişmiqyaslı quruculuq işləri ölkəmizin ən ucqar bölgələrini, yaşayış sahələrini, qəsəbələri əhatə edib, diqqətdən kənarda bir kənd belə qalmayıb.
O bildirib ki, qədim tarixə, zəngin mədəniyyətə malik Gəncə də Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə geniş vüsət alan tərəqqidən kənarda qalmayıb, gündən-günə gözəlləşən, füsunkar bir şəhərə çevrilib. Bu günlərdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Gəncənin şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığın əldə edilməsi, qədim şəhərin Bankın “Yaşıl şəhərlər” proqramına qoşulması Prezident İlham Əliyevin bu il yanvarın 21-də Davosda qurumun prezidenti Suma Çakrabarti ilə görüşünün bəhrələridir. Bankın Azərbaycanda mövcud əlverişli investisiya mühitindən yararlanaraq fəaliyyətini daha da genişləndirmək üçün böyük imkanlarının olduğunu nəzərə alsaq, bu razılığın Gəncənin bundan sonra da dəyişərək, yeni görkəm almasına töhfə verəcəyinə əminlik yaradır. Bank tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi Gəncənin coşqulu, qaynar həyatının heyranedici mənzərəsinə rəng qatacaq.