PREZİDENTLƏR PUTİN VƏ SEZƏR RUSİYA-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN XÜSUSİ XARAKTER DAŞIDIĞINI BİLDİRMİŞLƏR
Bu, son il yarımda Rusiya Prezidentinin Türkiyənin ali rəhbərliyi ilə yeddinci görüşüdür.
Rusiya dövlətinin başçısı bildirmişdir ki, son illər Rusiya-Türkiyə münasibətləri tamamilə xüsusi xarakter almışdır.
Əhməd Necdət Sezər həmkarını dəstəkləyərək demişdir: “Türkiyə Rusiya Federasiyasını regionda və bütün dünyada mühüm qüvvə, mühüm qonşu kimi qiymətləndirir”.
Vladimir Putin qeyd etmişdir ki, “beynəlxalq gündəliyin bir çox ümdə məsələlərində Moskvanın və Ankaranın mövqeləri uyğun gəlir”.
Danışıqlardan sonra Rusiya rəhbəri bildirmişdir ki, sərmayə layihələrində müsbət meyil müşahidə olunur. Əgər bir il əvvəl Rusiyanın Türkiyədə sərmayələri 200 milyon dollar idisə, indi 3 milyard dollara yaxınlaşmışdır. Onun fikrincə, “qarşıda energetika, nəqliyyat, kimya sənayesi, kosmik məkanın öyrənilməsi sahəsində iri layihələr durur. Elektrik enerjisi və atom enerjisi sahəsində də əməkdaşlıq üçün geniş imkanlar açılır”.
Rusiya Prezidenti demişdir ki, türk həmkarı ilə İranın nüvə problemini, İraqda və Yaxın Şərqdə vəziyyəti müzakirə etmişlər.
Əhməd Necdət Sezər təsdiqləmişdir ki, danışıqlarda regional problemlər və dünya problemləri barədə geniş fikir mübadiləsi aparılmışdır. O demişdir: “Biz 2007-ci ildə Türkiyədə Rusiya mədəniyyəti ili, 2008-ci ildə isə Rusiyada Türkiyə mədəniyyəti ili keçirilməsi haqqında razılığa gəlmişik”.
Prezidentlər əmtəə dövriyyəsini 15 milyard dollardan 25 milyard dollaradək artırmaq vəzifəsini qarşıya qoyduqlarını bildirmişlər.