Professor: Qazaxıstanla qardaşlığımız əbədidir
Bakı, 13 mart, AZƏRTAC
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə dövlət səfəri, imzalanan sənədlər, Füzuli və Şuşaya gediş, mətbuata bəyanatlar münasibətlərimizin yüksək səviyyəsini göstərir. Bu məsələləri geniş və dərin təhlil etmək olar. Həmçinin dövlət başçılarının mətbuata bəyanatı mövcud vəziyyətdən və perspektivlərdən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı professor Musa Qasımlı deyib. O bildirib ki, Prezident İlham Əliyevin Qazaxıstanı Azərbaycan üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq adlandırması hər şeyi ifadə edir.
“Dövlətimizin başçısı işğaldan azad edilmiş Füzuli şəhərində Prezident Kasım-Jomart Tokayevin şəxsi təşəbbüsü ilə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini dostluğumuzun və qardaşlığımızın mərkəzi, Azərbaycana qardaş köməyi, hədiyyəsi və azad edilmiş ərazilərin bərpasına dəstəyi kimi qiymətləndirdi.
Prezident Kasım-Jomart Tokayevin “müqəddəs Azərbaycan torpağında olduğumuz ilk dəqiqədən ev sahibinin səmimi münasibətini hiss etdik. Bu dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox mühümdür” deməklə sanki bütün Türk dünyasının fikrini ifadə etdi. Onun Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı qələbəni böyük tarixi qələbə, uzun illər ərzində Azərbaycan rəhbərinin dövlət suverenliyinin bərpasına yönəlmiş, son Nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinin qanunauyğun yekunu olaraq qiymətləndirməsi bu qələbənin bütün Türk dünyasına başucalığı gətirdiyini və əhəmiyyətini göstərir”, - deyə Musa Qasımlı vurğulayıb.